Dövlət Sərhəd Xidmətinin (DSX) Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı Mərkəzində hərbi hissələr arasında xidməti itlərin təlimçiləri və bələdçilərinin “Sərhədçilərin dostu” şüarı altında 7-ci kinoloji yarışlar keçirilib.
DSX-nin mətbuat mərkəzindən "İki sahil"ə verilən məlumata görə, kinoloji yarışlara Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı Mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin və Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunublar.
Yarışların keçirilməsində məqsəd xidməti itlərin təlimçiləri və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir.
Yarışlarda xüsusi təlim keçən xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyadaəleyhinə minaların aşkar edilməsi üzrə tapşırıqlar icra edilib.
Sonda qalib olan hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim edilib, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jeton və xüsusi yem verilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.