14 noyabr 2025 21:58
107

Azərbaycan ümumi dövlət borcu ən az olan 20 ölkədən biridir

Çünki ölkəmizin strateji valyuta ehtiyatları bu il də artaraq 81,5 milyard ABŞ dollarına çatıb

44 günlük İkinci Qarabağ müharibəsindəki  tarixi Zəfərimizdən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan Respublikası ötən hər ili yüksək iqtisadi g.stəricilərlə başa vurmaqla qeyri-neft sektorunda mühüm irəliləyişlərə nail olur. Azərbaycan dövlətinin iqtisadi qüdrəti sayəsində işğaldan azad edilmiş ərazilərimiz sürətlə bərpa olunur, ölkəmiz dünyanın prioritet elan etdiyi «yaşıl keçid» platformasının lokomltivinə çevrilir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin yaratdığı milli iqtisadi inkişaf modelinin uğrlarından qaynaqlanır.

Ölkəmizin iqtisadi inkişaf sahəsində uğurlarını Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında da xüsusi vurğuladı: «Bu gün dünyanın iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir».

Bu gün Azərbaycan iqsadiyyatının bəzi sahələrinin çox, bəzi sahələrinin isə az inkişaf etməsi  ümumi nəticəni heç də aşağı salmır. Yəni, ölkə iqtisadiyyatındakı  dayanaqlılıq davam edir. Qeyd edək ki,  son beş ildə Azərbaycanda ümumi daxil məhsul (ÜDM) nominal ifadədə 36,7 milyard manat (39,3 faiz), real ifadədə isə 19 faiz artıb. Bununla belə, ölkəmizdə neft hasilatının azalması fonunda ÜDM istehsalında əvvəlki dövrlərdə qeydə alınmış yüksək artım səngisə də, qeyri-neft sektoru əsaslı yüksəliş dövrünü yaşayır. Təkcə onu qeyd etmək lazımdır ki, postmüharibə dövründə  qeyri-neft-qaz sektoru real olaraq 25 faiz, qeyri-neft-qaz sənayesi isə 1,6 dəfə artıb. Bütövlükdə isə qeyri-neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 60 faizdən çox olub.

Ölkəmizin başçısı alimlər qarşısındakı nitqində deyib ki,  son illər ölkədə ÜDM-in çox artmamasının əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir.

İqtisadi araşdırmalara görə, Azərbaycanın 2026-cı il üçün proqnozlaşdırılan əsas makroiqtisadi göstəriciləri ÜDM-də yenidən artıma nail olunacağına imkan yaradacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən maliyyə naziri Sahil Babayev deyib ki, gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2,9 faiz real artım deməkdir. Nazirin sözlərinə görə, 2026-cı ildə ölkəmizdə qeyri-neft ÜDM-i 101,7 milyard manat proqnozlaşdırılır. Bu isə 2025-ci illə müqayisədə 5 faiz real artımın olacağını göstərir.

İqtisadiyyatımızın inkişafı  strateji valyuta ehtiyatlarının artmasında da özünü büruzə verir. Sevindirici haldır ki, son illər valyuta ehtiyatlarımız mütəmadi olaraq artır. 2025-ci il oktyabrın 1-nə strateji valyuta ehtiyatlarımız 81,5 milyard ABŞ dollarına çatıb ki, bunun da 70 milyard dollarından çoxunu Dövlət Neft Fondunda toplanmış vəsait təşkil edir. Noyabrın 1-nə isə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları  11 milyard 368 milyon ABŞ dolları təşkil edib.  AMB-in açıqlamasına görə, bu, oktyabrın 1-i ilə müqayisədə 57,8 milyon dollar və ya 0,5 faiz çoxdur. Bundan başqa, digər müsbət göstərici AMB-nin valyuta ehtiyatlarının ilin əvvəlinə nisbətən 408,8 milyon dollar və ya 3,7 faiz artmasıdır.

Cari ilin 8 ayına olan məlumata görə, Azərbaycanın dövlət borcu 25,4 milyard manat təşkil edib. Buradan da aydın görünür ki, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzu, təqribən, 17 dəfə üstələyib. Bu da beynəlxalq praktikada yaxşı iqtisadi göstərici hesab edilir. Maliyyə naziri  Sahil Babayev bu məsələyə də münasibət bildirirək deyib ki, hazırda Azərbaycan ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ən aşağı olduğu 20 ölkədən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın yığıncağındakı çıxışı zamanı bu  kimi müsbət məqamlardan da danışıb: «Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əgər biz istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik.»

Ölkəmizin başçısı nitqində xüsusi vurğulayıb ki,  ölkəmizin iqtisadi və maliyyə dayanıqlılığı böyük investisiya layihələrini icra etməyə imkan verir. Yəni, bu gün icra olunan əsas investisiya layihələrinin ünvanı Qarabağ və Şərqi Zəngəzurdur. Hazırda azad edilmiş torpaqlarımızda nəhəng işlər görülür. Bir sözlə, güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan yaradır.

Daha bir uğurlu iqtisadi müqayisəni diqqətə çatdıraq. Belə ki, 2025-ci ildə ölkəmizdə əsas kapitala investisiya qoyuluşu 22,6 milyard manat olubduğu halda, bu göstərici gələn il üçün daha da artaraq  24,6 milyard manat təşkil edəcək. Bu rəqəmlər də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb. Sənədə əsasən, bu göstəricilər üzrə real artım tempinin müvafiq olaraq 0,5 faiz və 6,9 faiz olacağı gözlənilir.

Bu gün Azərbaycanda çox önəmli iqtisadi layihələr icra olunur. Bunlardan ən əsası isə  bərpaolunan enerji layihələridir. Prezident İlham Əliyev AMEA-dakı çıxışında bərpaolunan enerji layihələri haqqında danışarkən ölkəmizin burada da ön sıralarda qərarlaşdığını bildirərək  deyib ki,  son 5 ildə təkcə Qarabağda və Şərqi Zəngəzurda toplam generasiya gücü 300 meqavatdan çox olan 30-dan artıq su elektrik stansiyası inşa edilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Günəş və külək elektrik stansiyalarının inşası həyata keçirilir: «Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə, 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir.»

Elçin Zaman, «İki sahil»