2023-cü ilin fevral zəlzələlərinin baş verdiyi zonalardakı 11 vilayətdə tikintisi nəzərdə tutulan yaşayış obyektlərinin 78 faizi, yəni 350 mindən çoxu istifadəyə verilib. İlin sonunadək bu göstəricinin 453 min vahidə çatacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman vilayətində fəlakət bölgəsində inşa edilən 350 mininci yaşayış obyektinin açarlarının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
Türkiyə dövlət başçısı ölkənin cənub və cənub-şərqində zərər çəkmiş rayonların sürətli bərpasından qürur duyduğunu ifadə edərək xatırladıb ki, 53 mindən çox sakin 6 fevral 2023-cü il yeraltı təkanlarının qurbanı olub.
Dövlət başçısı dağıdıcı yeraltı təkanları “dövlət və xalq üçün çətin sınaq” adlandırıb.
“Dövlət zərərçəkmiş vətəndaşlara yardım üçün bütün imkanlarını səfərbər edib. Hazırda ölkənin 11 vilayətində 3 481 tikinti sahəsində 200 min memar, mühəndis və fəhlə çalışır. Orta hesabla sutkada 550 yeni yaşayış vahidinin tikintisi başa çatdırılır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.