16 noyabr 2025 01:15
81

Alimlər Danimarkada artan sürüşmə təhlükəsi barədə xəbərdarlıq edirlər

Danimarkada həm aktiv, həm də müvəqqəti sabit olan demək olar 4 min sürüşmə hadisəsi qeydə alınıb və onların aktivliyi artmaqda davam edir.

“İki sahil” xəbər verir ki, Danimarka və Qrenlandiyanın Milli Geologiya İnstitutunun (GEUS) məlumatına görə, sürüşmələrin bir çoxu yüzlərlə il əvvəl başlayıb. Lakin iqlimin istiləşməsi və qışların daha rütubətli keçməsi səbəbindən torpağın hərəkəti güclənib.

“Qrunt sularının səviyyəsi qalxdıqca, torpaq daha tez-tez və daha sürətlə hərəkət etməyə başlayır. Quru qışlarda isə aktivlik demək olar dayanır”, – deyə GEUS-un geoloqu Kristian Svenneviq izah edir.

Xüsusilə Vayle şəhəri ətrafındakı ərazilər daha həssas hesab olunur. Rütubətli qışlarda qrunt sularının səviyyəsi təxminən yarım metr yüksəldiyi zaman torpaq hərəkətinin sürəti ildə səkkiz santimetrə çata bilər. Modelləşdirmələr göstərir ki, 2100-cü ilə qədər qış aylarında qrunt sularının səviyyəsi 0,7 metr arta bilər ki, bu da sürüşmələrin sayının çoxalmasına gətirib çıxaracaq.

Vayledən başqa ölkənin digər bölgələrində də aktiv sürüşmələr müşahidə olunur. Alimlər bildirirlər ki, bu proseslər təbii xarakter daşısa da, iqlim dəyişiklikləri sahil eroziyasını sürətləndirir və ölkənin landşaftını dəyişdirir.

“Əvvəllər yüz ildən bir baş verən fırtınalı daşqınlar yaxın gələcəkdə üç ildən bir təkrarlana bilər”, – deyə Svenneviq vurğulayır.