16 noyabr 2025 12:01
98

İlham Əliyev: Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust Vaşinqton sammiti nəticəsində Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların regionun tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

"Əminəm ki, avqustda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üzrə Vaşinqton razılaşmaları beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə kömək edəcək", - deyə o bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək:

"Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir".