Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) bağlanış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, festival klassik və müasir sənət nümunələrini, dünya bəstəkarlarının tanınmış əsərlərini və Azərbaycan mədəniyyətinin zəngin irsini təqdim edərək ənənə ilə yeniliyin harmoniyasını nümayiş etdirib.
Dirijor Murtuza Bülbül AZƏRTAC-a müsahibəsində belə böyük festivalın iştirakçısı olmaqdan məmnunluğunu bildirib: “Azərbaycan mədəniyyətində bu cür layihələrin keçirilməsi çox vacibdir. Burada dünyanın bir çox görkəmli və tanınmış şəxsləri iştirak edirlər. İnanıram ki, bu kimi festivalların sayı artacaq və Avropa, eləcə də dünya mədəniyyətindəki yeni tendensiyalar Azərbaycana da gələcək. Bu gün atamın əsərlərinin səsləndiriləcəyi üçün xüsusilə sevincliyəm”.
Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, festival çərçivəsində Çin kollektivinin təqdim etdiyi məşhur “Müqəddəs bahar” baletini izləyib və çox bəyənib. Kanadadan gətirilən “Hamlet” tamaşasının da yüksək səviyyədə olduğunu vurğulayan Xalq artisti festivalın ümumilikdə çox yaxşı təşkil edildiyini və zəngin proqramı olduğunu deyib.
Gecədə dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski çıxış edib. Piano partiyasını Fərhad Bədəlbəyli ifa edib.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinə Murtuza Bülbül, Bakı Dövlət Kamera Orkestrinə isə Fuad İbrahimov dirijorluq edib.
Bakı Beynəlxalq İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 16-dək keçirilib.
Dünyaşöhrətli skripkaçı: Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində son dərəcə maraqlı tamaşalar izlədim
Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir