16 noyabr 2025 23:40
101

Dünyaşöhrətli skripkaçı: Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində son dərəcə maraqlı tamaşalar izlədim

Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) Azərbaycanın mədəni həyatında böyük əhəmiyyət kəsb edir. Festival çərçivəsində son dərəcə maraqlı və yüksəksəviyyəli tamaşalar izlədim. Çin kollektivinin təqdim etdiyi “Müqəddəs Bahar” baleti çox təsirli idi. Ondan əvvəl isə “Geşer” teatrı ilə Fransanın “Les Gemeaux” teatrının birgə təqdimatında, rejissor Rimas Tuminisin rəhbərliyi ilə nümayiş etdirilən “Anna Karenina” tamaşasını izlədim. Keçən həftə Kanada baletinin çıxışı da yüksək peşəkarlıqla təqdim edildi.

“İki sahil” xəbər verir ki, bu sözləri dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski noyabrın 16-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, festivalın ilk həftəsi onun üçün xüsusilə yaddaqalan olub: “Bu, həqiqi yaradıcılıq əməkdaşlığı idi. Mənim Avropadan gətirdiyim dünya səviyyəli musiqiçilərlə gənc və istedadlı azərbaycanlı musiqiçilər — Bakı Kamera Orkestrinin üzvləri — birgə çıxış etdilər. Bu, möhtəşəm bir sintez oldu”.

Dmitri Sitkovetski əlavə edib ki, bağlanış proqramı da çox özəl və festivalın ruhuna uyğun hazırlanıb: “Bu iki həftə ərzində özümü çox xoşbəxt hiss etdim. Avropadan, İsraildən və Kanadadan olan dostlarıma bu festivalı göstərdim, onlar Bakını çox bəyəndilər. Necə ki, mən bu şəhəri sevirəm, onlar da heyran qaldılar. Bakı çox gözəl və qonaqpərvər şəhərlərdən biridir. Buradakı tamaşaçılar inanılmaz dərəcədə səmimi və həvəslidir. Festivaldan çox məmnunam. Bu, hamımız üçün böyük nailiyyətdir”.