17 noyabr 2025 13:09
89

Azərbaycan BƏƏ ilə kapital bazarlarında qarşılıqlı ticarətə start verir

Azərbaycan Milli Depozit Mərkəzi (MDM) Tabadul layihəsi çərçivəsində Bakı Fond Birjası (BFB) və "Azər Türk Bank" ASC (ATB) Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX) ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalayıb.

“İki sahil” bu barədə MDM-ə istinadla xəbər verir.

Bildirilib ki, imzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB və ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə qarşılıqlı ticarət etmə imkanı yaradacaq.

Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.

İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə "Azər Türk Bank" hesablaşma agenti kimi təyin edilib.

Tabadul platforması qısa müddətdə bir çox ölkə və region arasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasında ticarət proseslərini daha əlçatan edib.

Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarında əməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, Tabadul Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.