18 noyabr 2025 10:12
87

TRIPP Orta Dəhlizin əsas arteriyasına çevriləcək

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Ekspertlərin bildiridikləri kimi, Orta Dəhlizin əsas komponenti olan Zəngəzur dəhlizi bu gün dünya diplomatiyasının diqqət mərkəzindədir və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək.

Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasındakı çıxışında bildirib ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir: “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək”.

Ekspertlərin də bildirdiklərinə görə, C5+Azərbaycan və C5+1 çərçivəsində tranzit tariflərinin hərtərəfli koordinasiyası, keçid müddətlərinin azaldılması, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, multimodal logistikanın (dəniz–dəmir yolu–avtomobil) inteqrasiyası kimi addımlar tam reallaşacağı halda 2030-cu ilə qədər Azərbaycan üzərindən keçən tranzit yüklərinin azı bir neçə milyon ton artması realdır.

Bütövlükdə region ölkələri üçün mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi Ermənistan üçün də böyük imkanlar yaradacaq. Dəhliz fəaliyyətə başladığı vaxtdan etibarən yüklərin Ermənistana daha qısa zamanda və daha səmərəli şəkildə daşınması mümkün olacaq. 8 avqust tarixli Vaşinqton Zirvə görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını buna nümunə göstərmək olar. Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Bugünlərdə taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Bundan başqa, Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon bugünlərdə Böyük Kəsik stansiyasından Ermənistana göndərilib. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınıb.

ABŞ Prezidenti Donald Trampın bildirdiyi kimi, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, təkcə yeni nəqliyyat erası deyil, həm də Ağ Evin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə bildirib ki, “Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsi üçün təfərrüatlı plan 2025-ci ilin sonuna kimi hazırlanmalıdır: “Əminliklə deyə bilərəm ki, dəmiryolu sovet dövründən qalan dəmiryolunun yerində tikiləcək, çünki bunu başqa cür etmək mümkün deyil. Qaz kəməri və elektrik şəbəkələri daha da şimala gedəcək, amma hələ dəqiq harada deyə bilmərəm, hətta dəqiq deyə bilmərəm ki, onlar tamamilə Sünik bölgəsində tikiləcək, yoxsa qismən də Sünik bölgəsində. Bunlar geodeziyalardan və ya qismən digər çoxlu faktorlardan asılıdır. O ki qaldı yollara, siz bilirsiniz ki, biz Şimal-Cənub magistralını tikirik və Şərq-Qərb magistralı çox güman ki, Şimal-Cənub magistralı ilə birləşdiriləcək”.

Baş nazir, həmçinin vurğulayıb ki, “Tramp marşrutu” avqustun 8-də Vaşinqtonda razılaşdırılan Azərbaycan üçün məqbul şərtlərlə işləyəcək: “Biz Bakı üçün məqbul şərtlər əsasında sənəd imzaladıq. Və bu şərtlər Ermənistan və Azərbaycan liderlərinin imzaladığı sənəddə öz əksini tapıb: ərazi bütövlüyü, suverenliyi, legitimliyi”.

Göründüyü kimi, qırx iki kilometrlik “Tramp sülh yolu” adlanan layihə avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Zahid Rza, “İki sahil”