2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır
Azərbaycan 2020-ci il Zəfərindən sonra tamamilə yeni bir tarixi mərhələyə qədəm qoyub. Bu mərhələnin strateji mahiyyəti azad edilmiş ərazilərdə həyatın bərpasını, qayıdış prosesinin idarə olunmasını və Qarabağ–Şərqi Zəngəzur bölgəsini uzunmüddətli inkişaf məkanına çevirməyi özündə ehtiva edir. Dövlət başçısının müəyyən etdiyi siyasi xətt həm resursların səfərbər olunmasını, həm də bu prosesin milli prioritet kimi qəbul edilməsini tələb edir. Məhz buna görə Böyük Qayıdışa dair I Dövlət Proqramı Azərbaycanın maliyyə arxitekturasının mərkəzində dayanır və qarşıdakı illərin büdcə planlaşdırılmasında əsas istiqamət kimi götürülür.
2020-ci ilin sonundan bəri azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə dövlət büdcəsinin imkanları ardıcıl şəkildə yönəlib. Bu dövrdə infrastruktur layihələrinin genişləndirilməsi, yol-nəqliyyat əlaqələrinin qurulması, enerji şəbəkələrindən tutmuş su və qaz təchizatı sistemlərinin bərpasına qədər çoxşaxəli işlər həyata keçirilib. Mövcud məlumatlara əsasən, 2020-ci ilin sonundan yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək bu ilin əvvəlinə qədər 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. Bu rəqəmlər zamanla daha da artan ehtiyacların, paralel şəkildə genişlənən layihələrin və prosesin strateji vacibliyinin göstəricisidir.
Gələn ilin büdcə planlaşdırması da bu istiqamətin davamlılığını təmin edir. Burada əksini tapan rəqəmlərə əsasən, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 %-nə bərabər və yaxud 3,5 milyard manat vəsait ayrılacaqdır. Bu, dövlətin maliyyə siyasətinin nə dərəcədə məqsədyönlü qurulduğunu, prioritetlərin hansı ardıcıllıqla formalaşdırıldığını və postmüharibə dövrünün nə qədər sistemli şəkildə planlaşdırıldığını göstərir.
Bərpa prosesinin strateji mahiyyəti: Təhlükəsizlik, inkişaf və milli həmrəylik
Hazırkı mərhələdə azad edilmiş ərazilərin bərpası təkcə tikinti işlərindən ibarət deyil. Bu proses Azərbaycanın milli təhlükəsizlik sisteminə, iqtisadi inkişaf modelinə və ümummilli həmrəyliyinə təsir göstərən strateji xəttin bir parçasıdır. Ona görə maliyyə təminatının gücləndirilməsi həm iqtisadi, həm sosial, həm də geosiyasi baxımdan həlledici əhəmiyyət daşıyır. Bu missiya “ali vəzifə” kimi səciyyələndirilir və büdcə imkanları artdıqca ilk növbədə bu istiqamətə resurs yönəldilməsini tələb edir. Bu yanaşma iqtisadiyyatın digər sahələrində aparılan islahatların uğurla davam etməsinə mane olmur, əksinə bütün ölkə üzrə inkişafın yeni dinamika qazanmasına təkan verir.
Qarabağ və Şərqi Zəngəzur sürətlə modernləşir
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin miqyası tarixi adlandırıla bilər. Çoxsaylı yol layihələri, tunellər, körpülər, hava limanları, elektrik yarımstansiyaları, su layihələri, “ağıllı kənd” və "ağıllı şəhər" modelləri, sosial infrastruktur obyektləri və digər layihələr regionu qısa müddətdə tamamilə yeni iqtisadi-coğrafi məkana çevirin. Bu layihələr yalnız həmin ərazilərdə deyil, bütövlükdə ölkə iqtisadiyyatında uzunmüddətli dayanıqlı inkişaf üçün platforma yaradır. Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan üçün həm tarixi ədalətin təntənəsi, həm də yeni iqtisadi nizamın qurulması deməkdir.
Böyük Qayıdış Proqramının maliyyə çərçivəsi təkcə xərclərin cəmi kimi dəyərləndirilmir. Burada əsas məqsəd ərazilərin köklü şəkildə yenidən formalaşdırılmasıdır. Yəni, dövlət yalnız müvəqqəti ehtiyacları qarşılamır, həm də gələcək nəsillərin yaşayacağı, işləyəcəyi və inkişaf edəcəyi mühitin təməlini qurur. Bu, sadəcə bərpa deyil, tamamilə yeni konsepsiyanın reallaşdırılmasıdır. Azad edilmiş torpaqlara qayıdan hər bir insanın təhlükəsiz və rahat yaşayış mühitinə malik olması dövlət siyasətinin mahiyyətini təşkil edir.
Artan büdcə imkanları…
Qarabağ və Şərqi Zəngəzurda maliyyə təminatının artırılması insanların doğma yurdlarına qayıdış prosesini birbaşa sürətləndirir. Məcburi köçkünlərin illərdir gözlədiyi bu gün azad edilmiş kəndlərdə, şəhərlərdə yeni həyatın bərpası ilə real formaya düşür. Dövlət büdcəsi hesabına qurulan yollar qayıdışın fiziki infrastrukturunu təmin edir, tikilən evlər sosial bərabərliyi möhkəmləndirir, yaradılan yeni iş yerləri isə məcburi köçkünlərin iqtisadi adaptasiyasını təmin edir. Maliyyə təminatının bu ölçüdə olması yalnız normal yaşayış şəraitinin qurulması deyil, həm də həmin ərazilərin regional iqtisadiyyata inteqrasiya olunması üçün strateji platforma yaradır.
Böyük Qayıdış prosesinə ayrılan vəsaitin həcmi həm onun milli prioritet kimi qəbul olunduğunu, həm də Azərbaycanın iqtisadi gücünün artan dinamika ilə inkişaf etdiyini sübut edir. Dövlətin maliyyə yükünü bu qədər böyük miqyasda daşıya bilməsi ölkə iqtisadiyyatının son illərdə keçdiyi modernləşmə mərhələsinin nəticəsidir. İnvestisiya imkanlarının genişlənməsi, qeyri-neft sektorunun möhkəmlənməsi, beynəlxalq ticarət və nəqliyyat-logistika əlaqələrinin diversifikasiyası büdcə gəlirlərinin artmasına imkan verir və bu artım ilk növbədə azad edilmiş ərazilərin bərpasına yönəlir.
Yaxın üç ilin uzunmüddətli maliyyə çərçivəsi
Gələcək illərin büdcə çərçivəsi də eyni strategiyanı davam etdirir. 2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır. Bu isə yalnız növbəti ilin deyil, həm də yaxın üç ilin iqtisadi planlaşdırılmasının mərkəzində dayanır. Beləliklə, bərpa prosesi təsadüfi dinamika ilə deyil, ardıcıl, planlı və institusional şəkildə həyata keçirilir. Bu, həm maliyyə dayanıqlığını qoruyur, həm də layihələrin davamlı icrasını təmin edir.
Yekun hədəf: Məskunlaşma, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf
Bu mərhələdə əsas hədəf azad edilmiş bölgələrdə əhalinin sıx məskunlaşması, iqtisadi fəallığın bərpa olunması və regionun ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Böyük Qayıdış Proqramı yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır; burada sosial reabilitasiya, iqtisadi inkişaf, təhlükəsizlik təminatı və uzunmüddətli regional planlaşdırma kimi müxtəlif komponentlər mövcuddur. Ayrılan vəsaitlər bütün bu istiqamətlərin paralel şəkildə inkişafına xidmət edir.
Əldə olunan nəticələr göstərir ki, Azərbaycanın büdcə siyasəti yalnız cari ehtiyaclara deyil, gələcək inkişaf modellərinə əsaslanır. Bu siyasətin əsasında dövlət başçısının müəyyən etdiyi strateji prioritetlər dayanır. Büdcə imkanları genişləndikcə ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətləndirilməsi əsas məqsəddir. Bu yanaşma tarixi ədalətin bərpasını bütünlüklə tamamlayır və işğaldan azad edilmiş ərazilərin gəlişəcək nəsillər üçün inkişaf mərkəzinə çevrilməsini təmin edir.
Nigar Orucova, “İki sahil”