20 noyabr 2025 15:36
115

İctimai binalarda enerji səmərəliliyinin artırılması üzrə təlim keçirilib

Dünya Bankı tərəfindən həyata keçirilən “Azərbaycan üçün sürətləndirilmiş texniki yardım aləti” (AZTAF) vasitəsilə icra olunan “Enerji səmərəliliyi və iqlim” layihəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində binalarda enerji səmərəliliyinin artırılması mövzusunda maarifləndirici təlim keçirilib.

“İki sahil” xəbər verir ki, təlimin təşkil olunmasında əsas məqsəd binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, eyni zamanda “Enerji Effektivliyi Fondu” layihələrinin effektiv idarə olunması üçün bilik və bacarıqların artırılmasıdır.

İki gün davam edən təlim zamanı iştirakçılara enerji auditi, binaların enerji səmərəliliyi üzrə modernizasiya və təkmilləşmə mexanizmləri, layihə idarəçiliyi, monitorinq və qiymətləndirmə üzrə mövzular təqdim edilib. Eyni zamanda, ölkənin enerji səmərəliliyi siyasəti haqqında ətraflı məlumat verilib. Gələcəkdə daha geniş auditoriya üçün təlimlərin yerli mütəxəssislər tərəfindən keçirilməsini təmin etmək məqsədilə yerli auditorlar üçün treninq keçirilib. Bunlarla yanaşı, təlimin praktiki hissəsi kimi Şamaxı rayonu ərazisində yerləşən ictimai binalardan birində enerji auditi aparılıb.

Təlimdə Energetika Nazirliyi, nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə yanaşı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, habelə potensial enerji auditorları iştirak ediblər.