21 noyabr 2025 11:15
225

“Freedom House”nin fəaliyyətində lobbi təsirləri

Media eksperti: Bu təşkilat beynəlxalq hüquqi reallıqları deyil, müəyyən qrupların sifarişlərini əsas götürür

“Freedom House” yenə anti-Azərbaycan mövqe nümayiş etdirib. Belə ki, özünü “müstəqil QHT” adlandıran və bu ad altında fəaliyyət göstərən bu təşkilat “İnsan hüquqları” adı altındakı hesabatında iddia edib ki, guya Azərbaycan hökuməti müntəzəm olaraq internet bağlantılarını məhdudlaşdırır və hökuməti tənqid edən media orqanları da daxil olmaqla, veb saytları bloklayır. Üstəlik, bu üzdəniraq təşkilat xarici ölkələrdə dövlətimizin əleyhinə çağırışlar edənləri, yalan və yanlış məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyənləri, daha doğrusu, “söyüş müxalifəti”nin nümayəndələrini “hökuməti tənqid edən şəxslər” kimi dəyərləndirib.

Bəri başdan bildirək ki, Azərbaycan dövləti mediaya ölkəmizin strateji vəzifələrinin icrasında mühüm vasitə olaraq yanaşır. Bu mənada əminliklə demək olar ki, hazırda həmin maraqların qorunmasında hakimiyyət-media vəhdəti var. Bu mənada “Freedom House” növbəti addımını beynəlxalq aləmdə söz sahibi olan, bölgəyə yeni reallıqlar gətirən Azərbaycana qarşı təxribat kimi qiymətləndirmək olar. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində “Freedom House” və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdi ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır: “Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müstəqil araşdırma və hüquq müdafiə təşkilatı kimi təqdim olunmasına baxmayaraq, “Freedom House” uzun illər ərzində  yayımladığı hesabatlarda özünün qeyri-obyektiv, qeyri-peşəkar olduğunu, siyasi sifarişlərin təsiri altında fəaliyyət göstərdiyini sübut edib: “Onun Azərbaycanla bağlı dəyərləndirmələrində ardıcıl şəkildə qərəzli mövqe nümayiş etdirməsindən belə nəticə çıxır ki, təşkilat öz indekslərini əsasən lobbi qruplarının maraqlarına uyğun formalaşdırır. Bu sırada “erməni lobbi qrupları”nın təsirini qəbul edir. Təşkilatın son “internet azadlığı” hesabatı da bu tendensiyanın növbəti nümunəsidir”.

Media eksperti daha sonra vurğuladı ki, hesabatda iddia edilir ki, guya Azərbaycanda müntəzəm olaraq internet məhdudlaşdırılır, hökumətin fəaliyyətini tənqid edənlər isə “dövlət əleryhinə çıxanlar” kimi təqdim edilir: “Bu, həm təhrifdir, həm də faktların şişirdilmiş interpretasiyasıdır. Azərbaycanın hüquqi çərçivəsində internet platformaları yalnız milli təhlükəsizlik və ictimai asayişi qorumaq məqsədilə dolayı tənzimləmələr tətbiq oluna bilir və bu, dünyanın bütün demokratik ölkələrində mövcud olan üsuldur. Məsələn, “Tik-Tok”un fəaliyyəti bizdə yalnız hərbi əməliyyatlar dövründə bir neçə gün ərzində məhdudlaşdırılıb, amma ABŞ-də “Tik-Tok” uzun aylar ərzində bağlanılıb. Bu kontekstdə yanaşsaq, “Freedom House”  gərək ABŞ-ın adını “qara siyahı”ya salsın. Amma etmir, bu konteksti tamamilə görməzdən gəlir”.

M. Ələsgərlinin fikrincə, Cənubi Qafqaz regionunda mövcud olan dövlətlərə “Freedom House” yanaşmasına müqayisəli baxdıqda təşkilatın qeyri-obyektivliyi daha aydın görünür: “Təşkilat son 15 il ərzində hazırladığı bütün hesabatlarda Azərbaycanı dəyişməz şəkildə “qeyri-azad ölkə” kimi təqdim edib. Bu, regionda baş verən ciddi siyasi dəyişikliklər fonunda xüsusilə anlaşılmazdır. Məsələn, 2018-ci ildə Ermənistanda dövlət çevrilişi baş verdi: Serj Sarkisyan devrildi, Nikol Paşinyan hakimiyyətə gəldi və Qərb dairələri bunu “demokratik dəyərlərin qələbəsi” kimi qiymətləndirdi. Əgər həqiqətən belədirsə, niyə “Freedom House” bu transformasiyanı öz hesabatlarına əks etdirmədi? Niyə həm Sarkisyan, həm də Paşinyan dönəmi Ermənistanda eyni kateqoriyada – demokratiyanın inkişafda olduğu, “yarım azad ölkə” kimi göstərilir? Bu nümunədə bir nəticə çıxır: təşkilat hansı siyasi komanda hakimiyyətdə olursa-olsun, Ermənistanı Azərbaycan və Türkiyədən yüksək qiymətləndirməyə alışmış bir mövqedən çıxış edir. “Freedom House”un ABŞ-dakı erməni lobbi qrupları ilə yaxın əlaqələri barədə məlumatlar bu təsəvvürü gücləndirir. Təşkilat 2024-cü il iyulun 1-də yayımladığı “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı xüsusi hesabat bu qurumun tendensiyalı yanaşmasını bir daha nümayiş etdirdi. Sənədin məzmunu obyektiv təhlil deyil, Ermənistan tərəfinin narrativlərinin sorğu-sualsız təkrarı idi. Hesabatda münaqişənin tarixi kökləri, separatizmin mahiyyəti, Azərbaycanın suverenlik hüquqlarının bərpası kimi fundamental faktlar ya təhrif olunmuşdu, ya da ümumiyyətlə qeyd edilməmişdi. Bu nümunələrin hər biri göstərir ki, “Freedom House” beynəlxalq hüquqi reallıqları deyil, müəyyən maraq qruplarının sifarişlərini əsas götürür. Obyektivlik iddiası ilə çıxış edən bu təşkilat əslində geosiyasi təsirlərin daşıyıcısına çevrilib və region ölkələrinə münasibətdə ikili standartlar nümayiş etdirir. Azərbaycanla bağlı qeyri-real təsvirlər yaratmaqla təşkilat həm reytinq bazasını qorumağa, həm də siyasi qrupların maraqlarına xidmət etməyə çalışır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”