Vergi Məcəlləsinə dəyişikliklər ilk növbədə qeyri-neft özəl sektorunda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir: "Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əməkhaqqının əhəmiyyətli leqallaşması olmuşdur. İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında iki dəfəyədək, əməkhaqqı fondunda isə iki dəfədən çox artımlar əldə edilib".
Deputat əlavə edib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur: "Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaq. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək".
Azər Əmiraslanov: Vergi Məcəlləsində dəyişikliklər iqtisadi inkişafı sürətləndirəcək