İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin sayı 15-ə çatıb.
“İki sahil” xəbər verir ki, “Norm Sement” şikəti “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan növbəti müəssisə olub. 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Norm Sement” şirkətininin baş icraçı direktorunun maliyyə və strategiya məsələləri üzrə müavini Elvin Mirzəyevlə görüşündə “Sənaye 4.0 Hazırlıq” Proqramının məqsədləri, əsas istiqamətləri, müəssisələrin texnoloji hazırlıq səviyyəsinin beynəlxalq metodologiya əsasında qiymətləndirilməsi və transformasiya potensialının müəyyənləşdirilməsi barədə məlumat verilib. Bildirilib ki, proqram sənaye müəssisələrində texnoloji transformasiya proseslərini sürətləndirməklə onların əməliyyat səmərəliliyini artırmağı, innovativ yanaşmaların tətbiqini genişləndirməyi və rəqabətqabiliyyətliliyini gücləndirməyi hədəfləyir.
Elvin Mirzəyev bildirib ki, “Norm Sement” şirkətin transformasiya planlarının daha sistemli şəkildə həyata keçirilməsində, resurslardan səmərəli istifadənin artırılmasında və yeni texnoloji imkanların tətbiqində maraqlıdır.
Bu ilin iyul ayından başlayan “Sənaye 4.0 Hazırlıq” Proqramına artıq 15 müəssisə qoşulub. Artıq müəssisələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə proseslərinə başlanılıb. Müəssisələrə baxış zamanı istehsal prosesləri, əməliyyatların idarə olunması, infrastruktur, avtomatlaşdırma səviyyəsi və texnoloji transformasiya potensialı təhlil olunur. Proqram çərçivəsində həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır. Bizneslərin enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyəti araşdırılır.
“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqram nəticəsində hər bir müəssisə texnoloji transformasiyaya dair fərdi yol xəritəsi əldə edir. Yol xəritəsinin icrası mərhələsində şirkətlərə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlər və beynəlxalq ekspertlərin iştirakı ilə ekspertiza dəstəyi təqdim olunur.
İstehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər proqramda iştirak edə bilərlər. Bunun üçün fiziki və hüquqi şəxslər industry4.az platformasında qeydiyyatdan keçməlidirlər. Proqramda iştirak ödənişsizdir.