21 noyabr 2025 12:46
74

D-8 Media Forumu media sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətli platformadır - Misir rəsmisi

D-8 təşkilatına üzv dövlətlər arasında dialoqun, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi naminə sıx əməkdaşlığa böyük ehtiyac var. Bu, qlobal arenada apardığımız ardıcıl səylərə mühüm töhfə verən strateji addımdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Misir Ərəb Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil D-8 Media Forumunun açılış mərasimində deyib.

O qeyd edib ki, D-8 təşkilatı çoxşaxəli və nümunəvi əməkdaşlıq modeli yaradaraq beynəlxalq sistemdə ədalət və bərabərliyi möhkəmləndirmək üçün unikal imkanlara malikdir. Bu təşkilat böyük insan resursu, iqtisadi potensialı və zəngin mədəni müxtəlifliyi ilə təkcə regional platforma deyil, həm də qlobal təsir gücünə malik birlik kimi çıxış edə bilər.

“Biz birlikdə bərabər əməkdaşlığa əsaslanan yeni model təqdim etmək və hekayəmizi dünyaya inamla, qürurla çatdıran güclü media səsi formalaşdırmaq şansına sahibik. Bu mənada, D-8 Media Forumu media sahəsində əlaqələrin inkişafı, qarşılıqlı koordinasiya və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli bir platformadır. Biz bu istiqamətdə fəal əməkdaşlığa tam hazırıq”, - deyə Misir rəsmisi bildirib.