21 noyabr 2025 13:16
66

D-8 ölkələri etibarlı informasiya məkanının qurulması üçün birgə hərəkət etməlidir - Alireza Miryusefi Aval

D-8 təşkilatı, ilk növbədə, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb. Lakin bu gün biz hamımız yaxşı anlayırıq ki, üzərimizdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, daha geniş ölçülü məsuliyyət mövcuddur. Bu məsuliyyət, ilk növbədə, informasiya məkanında aydınlıq, şəffaflıq və etibarlılığın təmin edilməsindən ibarətdir. Bu isə hər bir ölkənin ictimai rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə xidmət edən strateji hədəfdir.

“İki sahil” xəbər verir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin xarici media üzrə baş direktoru və sözçünün müavini Alireza Miryusefi Aval D-8 Media Forumunun açılış mərasimində deyib.

O qeyd edib ki, xüsusilə siyasi gərginliyin mövcud olduğu ölkələrdə düzgün informasiya cəmiyyətin mövqeyini formalaşdıran əsas amillərdən biridir. Yanlış və ya manipulyativ məlumat isə ictimai rəyin dəyişdirilməsi, sosial sabitliyin pozulması kimi riskləri özündə ehtiva edir. “Bu baxımdan mən hesab edirəm ki, D-8 təşkilatına üzv ölkələrin əməkdaşlıq çərçivəsində xəbər bürolarının yaradılması zəruri və təxirəsalınmaz addımdır. Belə bürolar qarşılıqlı informasiya axınının gücləndirilməsinə, media əməkdaşlığının genişləndirilməsinə və ictimaiyyətə operativ, etibarlı məlumatın çatdırılmasına xidmət edəcək. Bu, həm də dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə olacaq”, - deyə baş direktor əlavə edib.