2014-cü ilin avqustunda, cari ilin aprel ayında ermənilərin təmas xəttində törətdikləri təxribatların qarşısını mətanətlə alan əsgərlərimiz hərbi hazırlıq və döyüş qabiliyyəti ilə bəyan etdilər ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. “Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycan silahlı qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur” deməklə xalqla ordunun birliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində başlıca prioritet kimi daim diqqətdə saxlanıldığını vurğulayan Prezident İlham Əliyev qürurla bildirir ki, ordu quruculuğu prosesi uğurla gedir, islahatlar dərinləşir, əsgər və zabitlərimizin döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Başqalarının ordusu hesabına “formalaşan, olmayan hərbi qüdrəti ilə fəxr edən” Ermənistanın bütün həmlələrinə layiq olduğu cavabı verən Milli Ordumuz regionda nizam-intizamı, hərbi hazırlığı ilə fərqləndiyi kimi ən müasir avadanlıq və texnika ilə təmin olunub.
Bəlli oldu ki, Ermənistanın guya güclü müdafiə qüdrətinə malik olması ilə bağlı hay-küyləri boş çığırtıdan başqa bir şey deyil.
Atəşkəsin pozulmasını intensivləşdirən Ermənistan qüdrətli Azərbaycan Ordusunun şücaəti qarşısında gücsüzlüyünü məğlubiyyəti ilə etiraf etdi. Dünya dövlətləri ilə siyasi, iqtisadi, hərbi əməkdaşlığı genişlənən, demoqrafik vəziyyəti artan, əlverişli geosiyasi məkanda yerləşən Azərbaycanın işğal altında qalan torpaqlarını hər an azad etmək imkanlarının mövcudluğu dünya birliyi tərəfindən də etiraf edilir. Ancaq daim sülh, birlik və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin xalqın mənafeyini əks etdirən istəyi budur ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla, danışıqlar yolu ilə həll olunsun, nahaq qan axıdılmasın.
Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin 49 il uzadılması barədə razılığın əldə olunmasına, təcavüzkarın hava məkanına nəzarətin başqalarına həvalə olunmasına baxmayaraq forpost, işğalçı dövlətin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə təsəvvür edilməyəcək dərəcədə dağınıqdır. Havadarı Rusiyanın vəd etdiyi “isgəndərlərdən ruhlanan” Ermənistanın “güclü hərbi qüdrətə” malik olmaları barədəki sərsəmləmələri ermənilərin özlərinin əsəblərini tarıma çəkib. Aprel döyüşlərinin nəticələrini təhlil edən erməni politoloqlarının, hüquq müdafiəçilərinin açıqlamalarında da Sarkisyan hakimiyyətinə qarşı ümumxalq etirazları duyulmaqdadır. Azərbaycanda keçirdikləri mətbuat konfransında Ermənistanın işğalçılıq faktını etiraf edən hüquq müdafiəçiləri Suzanna Caqinyan, Vaan Martirosyan, publisist-yazıçı, ictimai xadim Vahe Avetyan etiraf etdilər ki, Sarkisyan hakimiyyəti xalqına yalnız göz yaşları və faciələr gətirib. Sarkisyan tək azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı törədir. Ermənistan ordusunda baş verən neqativ hallar, fərarilik, səfalət və işgəncələr gənclərin ölkədən köç etməsinə səbəb olur.
Bu günlərdə Füzuli rayonunda olarkən ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub əsgərlərlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev Ordumuzun aprel döyüşlərindəki uğurlu əməliyyatlarını müdafiə qüdrətimizin təsdiqi adlandıraraq Ermənistan ordusu barədəki mifin əsassızlığını sübut edərək bildirdi ki, Azərbaycan Ordusu döyüşlərdə böyük qəhrəmanlıq, peşəkarlıq, məharət göstərmişdir: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.” Əvvəlki çıxışlarında “Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir” söyləyən Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün hərbi potensial və vətənpərvərlik duyğularına malik Ordumuzun artan döyüş qabiliyyətini yüksək dəyərləndirdi: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır. Şuşa da Azərbaycandır. Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.”
Ali Baş Komandan, təcrübəli lider, xalqını sevən bir vətəndaş kimi heç zaman torpaqlarımızın işğal altında qalmasına razı olmayacağını siyasi iradə və qətiyyəti, düşünülümüş, dünyada dəstəklənən siyasəti ilə bildirir. Çünki Azərbaycanın mövqeyi tarixi ədalət üzərində qurulub.
Beynəlxalq təşkilatların qəbul etdikləri bəyanatlarda əksini tapan “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” həqiqətini Azərbaycan əsgəri şücaəti ilə doğrultmağa qadirdir. İqtisadi tənəzzülün fəlakətlərini yaşayan Ermənistan xalqı, xüsusilə gənclər Dağlıq Qarabağ müharibəsində iştirak etmək istəmir. Şəhid anaları övladlarının qatili Sarkisyandan haqq-hesab tələb edirlər. İşğalçı ölkəni tərk edənlərin sayı artmaqdadır. Lələtəpə qulaqburmasından hələ də özünə gələ bilməyən, təlaş içərisində qalan Ermənistan iqtidarının saxta vədlərindən, boşboğazlığından cana doyan sadə insanlar sosial şəbəkələrdəki, mətbuatdakı açıqlamaları ilə də Hitler generallarına abidə qoyaraq faşizmi dəstəkləyən Sarkisyanın istefasını tələb edirlər. İşğalçı ölkədə yaranmış bu vəziyyəti görməzdən gələn, sözdə “sülhə nail olmaq üçün qətiyyət göstərən” havadarları Ermənistanı silahlandırmaqla səfil, miskin vəziyyətə düşən forpostu, kriminal rejimi daha rəzil duruma sürükləyir, sadə insanları öz maraqlarının girovuna çevirirlər. Milliyyətcə erməni olan Aşot Qriqoryanın sosial şəbəkədə yerləşdirdiyi statusunda qeyd olunduğu kimi, Prezident İlham Əliyev S.Sarkisyana, Azərbaycan əsgəri isə erməni ordusuna qalib gəlib. Nə qədər silahlandırılsa da erməni əsgərində olmayan vətənpərvərlik məğlubiyyətin əsas şərtidir ki, bu uğursuzluqları siyasi, iqtisadi, diplomatik sahədəki iflası ilə təsdiqləyən Ermənistan artıq Azərbaycan torpaqlarını tərk etməlidir. Əks halda Ali Baş Komandan İlham Əliyevin Lələtəpədən qarşı tərəfə ünvanladığı xəbərdarlıq, sülhə çağırış hücum əmri ilə əvəz olunacaq. Bu isə Azərbaycan əsgərinin şücaəti qarşısında davam gətirə bilməyən ermənilər üçün ölüm və qalım dilemması olacaq.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu