22 noyabr 2025 00:14
61

Şeiri qiyamətin özü kimi dəyərləndirən Vətən şairi

Ramiz Qusarçaylı: Təəssüf hissi ilə qeyd edim ki, bu gün dəli şairlərin sayı olduqca azdır

Ramiz Qusarçaylı poeziyamızın istedadlı, çox sevilən nümayəndələrindəndir. Elə bu səbəbdən Osman Sarıvəlli onu fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışan, Bəxtiyar Vahabzadə söz əllaməçliyi olmayan, Şahmar Əkbərzadə öz nəzər nöqtəsi, öz görmə və duyma bucağı olan, Zəlimxan Yaqub hər şeirində təzəlik, hər misrasında yenilik görünən şair kimi dəyərləndirib. Beləliklə, müsahibimiz tanınmış şair, publisist və ictimai xadim Ramiz Qusarçaylıdır.

- Ramiz Qusarçaylı üçün poeziya, şeir nədir?

-Şeir mənim müqəddəs qiyamətimdir. Peyğəmbərimiz buyurub ki, Qiyamət qopacağını bilsən belə, əlindəki fidanı torpağa basdır. Şeir qiyamət qabağı torpağa basdırılan fidan kimidir. Şairlik elə o fidanın qiyamətindən başlayır. Şeirsə qiyamətin özüdür...

Şair ürəyində göyərçin südü var. Körpə dərdləri bəsləyib böyütmək üçündür bu. Şeir dərd böyüdənlərin qiyamətidir. Ölümqabağı üzə qonan gözəllik təzə qar kimidi. Ömrü əriyincədi. Sonra qiyamətin gözəlliyi başlayır. Dayazlıq, kökü üzdə olmaqdır. Kökü üzdə olanlar tez ələ gəlir. Tez ələ gələnlərin qiyaməti olmur... Şeir mənim qiyamətimdi!..

Bir də ki, aşağıdakı misralarımda dediyim kimi, poeziya mənim ədəbi andım, əbədi məsuliyyətimdir:

Ürək kəsdim, arıtdım,

Söz-söz sərib qurutdum,

Bir misranı unutdum,-

İçimdə balam öldü...

-Nə zaman duyğularınızı şeirə çevirirsiniz?

-Yazmaq üçün həmişə vaxt olur və ya heç də həmişə vaxt olmur. Günlərlə bircə bənd yaza bilmirəm, bir gündə isə bir neçə bənd yazan vaxtlarım olur. Payızın sonları, qışın əvvəlləri şair oluram. Meşə armudlarının, əzgillərin, yemşanların, zirinclərin dəyib dibinə tökülən vaxtları mən də söz-söz, sətir-sətir vərəqlərə tökülürəm. Yetişib dibinə tökülən meyvə şirin olur…

Şeir həm də içinə yıxılan qəbir daşları kimidir. Dərbənd, Təbriz, İrəvan qəbristanlıqlarındakı soydaşlarımızın qəbirləri kimi. Mənim şeir yazmaq məqamım Vətənin itən və itirilən tarixini torpaqla yuyub təmizləmək məqamımla üst-üstə düşür. Odur ki, şeirin doğulma anı çox ağır və ağrılı prosesdən keçir və bu prosesin uğurlu sonu Əlahəzrət ilhamın lütfünə bağlıdır.

-Siz özünüzə tez-tez hansı sualları verirsiniz?

-Mən özümə, həm də heç kəsə cavabını bildiyim sualı vermirəm. Ancaq özümlə üz-üzə qalanda aramızda “qırğın” gedir. “Atəşkəs” isə yeni doğulan şeirlə sənədləşir...

-İlk çap olunmuş şeirinizi xatırlayırsınızmı?

-“Bağban” adlı ilk mətbu şeirim 1976-cı ildə o dövrün ən populyar və çoxtirajlı qəzeti olan “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Onda onuncu sinifdə oxuyurdum. Fizika-riyaziyyat təmayüllü məktəbin şagirdi kimi şeiri dərc olunmaq şərəfinə nail olduğum üçün qürur duyurdum. Məktəbin direktoru şeiri qəzetin səhifəsindən götürüb müəllimlər otağının divarından asdırmışdı.

Bir günün içində ölkədəki bütün həmyaşıdlarım məni tanıdı, bir həftədə müxtəlif bölgələrdə oxuyan qızlı-oğlanlı onunculardan onlarla məktub aldım. Onların arasında bu gün də dostluq etdiyim insanlar var. 

Onu da qeyd etmək yerinə düşər ki, fizika-riyaziyyat təmayüllü məktəbin mən təhsil aldığım illərdən əvvəl və sonrakı iyirmi ili ərzində doqquzuncu sinfin ədəbiyyat imtahanından məndən başqa beşdə beş alan şagirdi olmamışdı. Bu qərarı təsdiq etdirmək üçün imtahanda yazdığım inşa məktəbin rəhbərliyi tərəfindən respublikanın Maarif nazirliyinə göndərilmişdi. Bir həftədən sonra nazirliyin təsdiq məktubu gəldi və məktəbin stadionunda böyük izdiham yarandı, kollektiv məni çiyinlərində daşıyır, atıb tuturdu.

-Siz riyaziyyat aşiqi olmusunuz. Bəs poeziyaya gəlişiniz necə olub?

-Riyaziyyatçı olmaq istəyirdim. Bu elmə olan həvəsim məni Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbə, oradan da Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) aparıb çıxardı. Hələ şagird ikən teoremlər quraşdırır, həndəsi fiqurlar yaradır, “riyazi kəşflər” edirdim. Cüt rəqəmlərin ifadə formasını özüm kəşf etmişdim… Ancaq sonralar bəlli olurdu ki, etdiyim “bu kəşflər” riyaziyyat elminə çoxdan məlumdur. Qol-qanadım qırılırdı.

Hələ 3-cü sinifdə oxuyanda xırda şeir parçaları yazıb o vaxtki “Pioner” jurnalına, “Azərbaycan pioneri” qəzetinə göndərirdim. 8-ci sinfi bitirəndə qəti qərara gəldim ki, ədəbiyyatçı olacağam, özümü poeziyada tapa bilərəm. Qənaətim belə idi ki, şeirdə kəşf ediləsi hələ çox şey var, bir də ki, etdiyim kəşflər özümə məxsus olacaq...və belə də oldu.

-İngilis yazıçısı Robert Bertonun belə bir kəlamı var: “Bütün şairlər dəlidir”. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

 - Viktor Hüqo da “şair dəli deməkdir” yazırdı. Həm Berto, həm də Hüqo düz deyirdilər. Burada dəli sözü istedadın dərəcəsini göstərən ifadədir. Dəlicəsinə vurulmaq, dəlicəsinə döyüşmək, dəlicəsinə ağlamaq, dəlicəsinə yaşayıb, dəlicəsinə ölmək...

Təəssüf hissi ilə qeyd edim ki, bu gün dəli şairlərin sayı olduqca azdır. İndi şeir yazanların əksəriyyəti “ağıllı”dır, plagiatı ana südü kimi, süni intellekti ata malı kimi özünküləşdiriblər, bir misra edamlıq şeiri olmayanların təltifi, tərifi baş alıb gedir. Dəli şairlər yoxsul komalarında və kirayə zirzəmilərində ehtiyacın obrazını yaşayırlar.

- Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı  deyən şair Ramiz Qusarçaylı Şuşa azad olunanda hansı hisslər keçirib? Yeri gəlmişkən, akademik Nizami Cəfərov çıxışlarının birində bu şeirinizi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə polemikaya girmək qüdrətində olan bir sənət əsəri kimi dəyərləndirib.

-Şuşa azad olunan gün yox e, Şuşa azad olunan andaca evimdəki bayrağa sarılıb eşiyə cumdum, Şuşada sən qonduğun Pir daşa qurban olum!-hayqırtısıyla üzü Şah dağına boylandım. Elə bildim Şuşanın dağlarındayam, ayağım altında Yer titrədi, başımın üstündə Göy əsdi, zəng zəngə, təbrik təbrikə qarışdı, özü də zəng vuranların kimliyini soruşmurdum, o başdan “Azərbaycan bayrağı” şerinin sədalarını eşidirdim, özüm də eləcə Şuşam!- deyə bağırırdım...

Bir vaxtlar yazmışdım ki, “Qarabağda iki alıb, Sinifdə qaldığım Vətən...” İndi deyirəm ki, “Qarabağda beş aldığım, Əlaçı olduğum Vətən!..”   Bu Qələbəni bizə bəxş edən uca şəhidlərimizin ruhu qarşısında baş əyirəm, müzəffər ordumuzun hər bir əsgər və zabitinə eşq olsun!- deyirəm.

Hazırda “Azərbaycan bayrağı” şeiri Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən, ali məktəblərin bütün ixtisasları üçün təsdiqlənmiş “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərslik kitabında, Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün Azərbaycan dilinin Test kitabında, 6-cı və 8-ci siniflər üçün “Azərbaycan dili” dərslik kitablarında dərc edilərək tələbə və şagirdlərə tədris edilir, ölkənin bayram, mərasim və tarixi günlərində əksər elm və təhsil müəssisələrində, o cümlədən Azərbaycanın bütün telekanallarında mahnı və kompozisiyalar şəklində müntəzəm olaraq səsləndirilmiş və bu gün də səsləndirilməkdədir.

Fəxrlə bildirirəm ki, şanlı ordumuzun möhtəşəm Qarabağ Qələbəsinə həsr edilmiş “Zəfər paradı”nın Azərbaycan Televiziyasında canlı yayımı da məhz mənim “Azərbaycan bayrağı” şeirimlə açılmışdır.

Bəli, doğrudur, akademik Nizami Cəfərov həm çıxışlarında, həm də məqalələrində “Azərbaycan bayrağı” şeirini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə polemikaya girmək qüdrətində olan bir sənət əsəri kimi dəyərləndirib. Nizami Cəfərov, eyni zamanda, mənim poeziyamın mayasının Səməd Vurğun bulağından qaynaqlandığını qeyd edib və mən də akademikin gəldiyi qənaətlə qürur duyuram.

 -Sizin poema janrında yazdığınız “Vətən” kitabı Azərbaycan poeziyasında Vətən haqqında yazılan ən gözəl əsər kimi təqdim olunur. Hətta bu kitab bir sıra mükafatlara da layiq görülüb. Bu silsilədən yeni bir əsər də ərsəyə gətirmək fikriniz varmı?

-Bəli, ölkəmizdə və ölkə xaricində 5 ilə yazıb tamamladığım və 2021-ci ildə nəşr edilmiş "Vətən" poemam ilə bağlı bir sıra təqdimatlar və oxucularla müntəzəm olaraq görüşlərim keçirilmişdir. Belə ki, Şuşada keçirilən Vaqif Poeziya Günlərində, Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-yarmarkalarında, Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda, ali və orta məktəblərdə və digər mötəbər yerlərdə “Vətən” poemasının təqdimat tədbirləri keçirilmişdir.

 “Vətən” poeması  Azərbaycan Yazıçılar Birliyinin İstiqlal şairi Əhməd Cavadın adına təsis etdiyi “Əhməd Cavad mükafatı”na, Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin “Ziya Paşa Büyük Ödül”ünə, Beynəlxalq Türk Müəllifləri Birliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin, TÜRKSOY, İLESAM və digər qurumların dəstəyi ilə keçirilən II  -Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Nizami” medalına, “Aşıq Ələsgər İctimai Birliyi”nin “Aşıq Ələsgər-200” yubiley medalına, Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” Beynəlxalq Xeyriyyə Fondunun “Turan Birliyi” medalına, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən digər ali və orta ixtisas təhsil ocaqlarının, cəmiyyət, təşkilat və qurumların Fəxri fərmanlarına  layiq görülmüşdür.

Təbii ki, “Vətən” poemasının uğurlu taleyi məni milli varlığımızın işıqlı sabahına yeni poetik töhfələr bəxş etməyə səslədiyindən könül köhlənimi Turan sevdalı ənginliklərə seyirtməyə sövq edir. Sözün cövlanı qələmi harayacan kökləyəcək, onu  bir Allah bilir...

-Ramiz Qusarçaylı bu səviyyəyə qalxmasında özünü kimlərə borclu sayır?

-Mən hələ doqquzuncu sinifdə oxuduğum zaman Bakıdakı mərkəzi kitabxanada Xalq şairi Söhrab Tahirin, sonralar Sabir adına kitabxanada Ağacavad Əlizadənin, “Azərbaycan” nəşriyyatında Vaqif İbrahimin, “Azərnəşr”də Məmməd İsmayılın rəhbərlik etdikləri ədəbi birliklərin üzvü olmuşam. Yaxın ünsiyyətdə olduğum Xalq şairləri Osman Sarıvəllidən, Bəxtiyar Vahabzadədən, Nəbi Xəzridən, Məmməd Arazdan, Musa Yaqubdan, Nəriman Həsənzadədən və başqa söz ustadlarından bəhrələnmişəm.

-Yaradıcılığınızın püxtələşməsində bir sıra şair və ya yazıçıların rolunu qeyd edirsiniz. Bəs, Ramiz Qusarçaylı bu gün gənclərə hansı səviyyədə örnək olub, yol göstərir?

-Təməli böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə qoyulan “Gülüstan” ədəbi məclisinin, daha doğrusu, bölgə ədəbi mühitinin müasir mərhələsi olaraq 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratdıq. Bölgədə ədəbi mühitin bu şəkildə canlanması söz yox ki, 1994-cü ildə AYB-nin Quba bölməsinin təşkil edilməsinə gətirib çıxardı və hazırda həm məclisə, həm də AYB-nin Quba bölməsinə rəhbərlik edirəm.

Ədəbi məclisə əsasən gənc yazarlar cəlb edildi, məclisin almanaxları, gənclərin  ilk şeir kitabları işıq üzü gördü, respublikanın  jurnal və qəzetlərində  bölgə yazarlarının əsərləri mütəmadi olaraq dərc olundu, efirdə səsləndirildi, AYB üzvlüyünə qəbul olunmağa başladılar. Təbii ki, bu uğurların təməlində Bakı, Donbas və Moskva ədəbi mühitində keçdiyim və ustadlarımdan əxz etdiyim ədəbi təcrübə və  rəhbəri olduğum birliyin saf və doğru fəaliyyəti dururdu. “Ay işığı” Şərqin ilk qadın dramaturqu Səkinə xanım Axundzadənin tanıdılmasında böyük işlər gördü.

Bölgə yazarlarının bir araya gəlməsi, ziyalı potensialının bədii meyarlar üstə köklənməsi ədəbi əlaqələrin coğrafiyasını günbəgün genişləndirməyə nail olaraq yeni-yeni ədəbi dairələrə yön aldı. Məclisin görüşünə Türkiyədən, Dağıstandan, Dərbənddən, Borçalıdan, Bakıdan,  Naxçıvandan, Gəncədən, Qazaxdan qonaqlar gəldi. Quba rayonunun tarixində ilk dəfə olaraq “Poeziya bayramı” adlı tədbirlər keçirildi, bir qrup yazar müxtəlif hədiyyə və diplomlarla təltif olundu. Sevindirici haldır ki, həmin gənclərdən Qəhrəman Kamiloğlu, Sərvinaz Sərvər və başqaları bu gün respublika miqyasında tanınan və oxunan istedadlı şairlərimizdəndir.

Bununla belə gənc yazarlarımıza tövsiyəm odur ki, Azərbaycanın bütövlüyünü qan yaddaşına həkk edib qələmə sarılsınlar, Zəfər savaşımızla bağlı ciddi ədəbi nümunələr yaratsınlar, istedad, şəxsiyyət və zəhmətin vəhdətindən uzaq düşməsinlər.

-Ramiz Qusarçaylı bugünkü Azərbaycan poeziyasını neçə dəyərləndirir?

- Şeir də daxil olmaqla ədəbiyyat, ümumiyyətlə, ədəbi həyat səməni kimi saf və təmiz, ana südü-dağ çiçəyi kimi məlhəm olmalıdır. Vaxt vardı şeirin müqəddəs yeri ya kürsü, ya da dar ağacıydı. Şeir qiyamların marşı, üsyanların himniydi, şeir həm də yaralı könüllərin məlhəmiydi, yaralar şeirlə sarınır, qanlar şeirlə silinirdi, şeir hardasa loğman rolunu oynayırdı.

Hazırda isə ədəbi mühit bataqlığa bənzəyir, bu bataqlıq batdığının fərqində olmayan yazarlarla doludur. Buna millətin şeir “iltihabı” da demək olar. Ədəbi mühit təhrif olunan təriflərdən boğulur. Ədəbi tənqid ədəbiyyata bəzən riyakarlıq amfiteatrrından boylanır. Bəzi tənqidçilərin yarınmaq benefisləri anşlaqa çevrilə bilmir, əksinə, ”ədəbi izdivac”dan üzüqara çıxır. Mərkəzin əyalət təfəkkürü əyalətin müasir dünyagörüşündə çox cılız görünür, nə qədər arınsa da saflaşa bilmir. Mühit ədəbi dələduzlarla, ədəbi xacələrlə, ədəbi aşiq-məşuqla dolub daşdığından istedadsızların diktaturası istedadlıların demokratiyasını məhv edir... Bu gün şeirin yiyəsi yoxdu, şeir hər halında Bəxtiyar Vahabzadə harayından, Əli Kərim duruluğundan, Məmməd Araz ruhundan yetim qalıb.

Müasir dünyanın elm və tərəqqi sahəsindəki yenilikləri, süni intellekt və siyasi arenadakı bir-birini əvəz eləyən ədalətsiz olaylar da bugünkü ədəbiyyatı çox rahat üstələyir. Yazanlar çoxalsa da, şeir azalır...

Qvami Məhəbbətoğlu, “İki sahil”