02 aprel 2026 15:20
113

TKTA beynəlxalq əməkdaşlıqla ali təhsildə keyfiyyətin yüksəlməsini təmin edir - Tural Əhmədov

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin (ATM)  institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları ESG-yə uyğun hazırlanaraq, müəssisənin idarəetməsi, tədrisin təşkili, tələbəyönümlü tədris, akademik heyət, tədris infrastrukturu, informasiyanın idarə edilməsi, təhsil proqramlarının formalaşdırılması və onların davamlı monitorinqi, eləcə də ATM-lərin daxili keyfiyyət təminatı sahəsində beynəlxalq səviyyədə qəbul olunmuş tələblərə cavab verməsini təşviq edir.

Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb. 

O vurğulayıb ki, TKTA-nın Avropa Ali Təhsil Məkanında (EHEA) keyfiyyət təminatı agentliklərinin təmsilçisi olaraq müəyyən edilmiş Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyası (ENQA), Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsi (CEENQA) və digər beynəlxalq keyfiyyət təminatı qurumları ilə əməkdaşlığı institusional inkişafına mühüm töhfə verir. 2022-2025-ci illər üzrə ENQA-nın koordinatorluğu ilə həyata keçirilən, başlıca məqsədi Azərbaycan, Serbiya, Bosniya və Herseqovina, eləcə də Ukraynanın keyfiyyət təminatı agentliklərini ESG-yə tam uyğunlaşdırmaq olan SEQA–ESG II layihəsində TKTA-nın iştirakı isə ESG prinsiplərinin daha dərindən tətbiqinə, daxili metodologiyaların yenilənməsinə və ekspert hazırlığının beynəlxalq səviyyədə gücləndirilməsinə töhfə vermişdir.

Sədr qeyd edib ki, TKTA YÖKAK (Türkiyə Respublikası), ARACIS (Rumıniya), MAB (Macarıstan), ASHE (Xorvatiya Respublikası), NAKVIS (Sloveniya Respublikası), SAAHE (Slovakiya Respublikası), AIKA (Latviya Respublikası) kimi Avropanın qabaqcıl xarici keyfiyyət təminatı agentlikləri ilə heyət mübadiləsini həyata keçirir. Bu cür imkanlar yalnız TKTA-nın əməkdaşlarının peşəkar inkişafının yüksəldilməsinə deyil, eləcə də agentliklər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün möhkəm zəmin yaratmağa xidmət edir. Məhz TKTA-nın təşviqi və dəstəyi ilə Agentliyin əməkdaşları, həmçinin TKTA-nın tövsiyə etdiyi ATM nümayəndələri ölkə daxilində beynəlxalq proqram akkreditasiyasına və ölkə xaricində proqram akkreditasiyasına cəlb olunmuşdur. Bu, həm Agentliyin insan resursunun təkmilləşməsinə, həm ölkəmizdə aparılan akkreditasiya təcrübəsinin xarici tərəfdaşlarla paylaşılmasına, eyni zamanda ATM nümayəndələrinin beynəlxalq akkreditasiya sahəsində fərdi təcrübələrinin artmasına, o cümlədən təmsil etdikləri ATM-lərdə keyfiyyət mədəniyyətinin inkişafına töhfə verir. Qeyd etmək yerinə düşər ki, beynəlxalq standartlara inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq akkreditasiya prosesinin keyfiyyətinə müsbət təsir göstərir. ESG prinsiplərinə uyğunluq qiymətləndirmənin daha şəffaf və obyektiv, akkreditasiya prosesinin isə nəticəyönümlü aparılmasını təmin edir.

Tural Əhmədov bildirib ki, bu cür əməkdaşlıq çərçivəsində akkreditasiya prosesi yalnız ATM-lərin fəaliyyətinin qəbul olunmuş standartlara uyğunluğunun müəyyən olunması ilə məhdudlaşmır, həm də ATM-lər üçün inkişaf yönümlü tövsiyələrin verilməsini, institusional potensialın gücləndirilməsini və beynəlxalq təhsil məkanına inteqrasiyanı dəstəkləyən yanaşmanın tətbiqini təmin edir. Nəticədə, müəssisələr qlobal çağırışlara daha çevik reaksiya verir və tədrisin keyfiyyəti davamlı şəkildə yüksəlir.

Yaqut Ağaşahqızı, “İki sahil”