21 noyabr 2025 15:56
210

Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə tədbr keçirilib

21 noyabr 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi” münasibətilə ilə tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, və partiya fəalları iştirak etdilər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzərək, öz ehtiramlarını bildirdilər.

Müasir-müstəqil Azərbaycanın memarı, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Müstəqilliyin bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirdi ki, Ulu Öndər  Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. 33 ildir şərəfli yol keçən qələbələr partiyası YAP öz sıralarında yüz minlərlə insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda YAP-ın öz dəst-xətti, rolu vardır.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək qeyd etdi ki, fəaliyyət göstərdiyi 33 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Son 22 ilin uğurları möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin əsas qəhrəmanı kimi yazdı.

Tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı Aytən İmanova, Hacıqabul Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, ərazi partiya təşkilat sədri Səyavuş Məmmədov və 2 nömrəli tam orta məktəbinin direktoru, YAP-ın gənc üzvü Şölə İbrahimova Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə çıxışlar etdilər.

Tədbir ağacəkmə aksiyası ilə davam etdirildi. Hacıqabul şəhərinin qərb hissəsində, Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında yolunun kənarında tuya və sərv ağacı olmaqla ümumilikdə 100-dən artıq ağac və dekorativ köl əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərildi.