24 noyabr 2025 10:01
85

Hərbi-diplomatik Qələbənin təntənəsi

Bir güllə belə atılmadan 2020-ci il noyabr ayının 25-də Kəlbəcərin işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin tarixi, siyasi qələbəsi kimi xalqımızın Zəfər salnaməsinə əbədi həkk olunub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Beş il öncə, qırx dörd günlük Vətən müharibəsində ölkə başçısı İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Qırx dörd günlük döyüşlərdən sonra qazanılan Qələbə onilliklər boyu davam edən işğala son qoyaraq, ölkənin tarixində yeni bir səhifə açdı.

Kəlbəcərin azad edilməsi bu müharibənin həlledici mərhələlərindən biri idi. Belə, ki Kəlbəcərin azadlığı Ermənistanın işğalçı qüvvələrini ən mühüm kommunikasiya xəttindən məhrum etdi. Məlumdur ki, rayon keçmiş Dağlıq Qarabağ regionu ilə Ermənistanı birləşdirən ən mühüm nəqliyyat arteriyası olan Laçın dəhlizinə nəzarəti təmin edirdi. Bu dəhlizin kəsilməsi işğal altındakı erməni qüvvələrinə hərbi texnika, silah və ehtiyatların axınının kəskin şəkildə pozulması demək idi. Beləliklə, Azərbaycan Ordusu düşmənin arxa cəbhəsini kəsərək, onu mühasirəyə almaq və digər istiqamətlərdəki hərbi əməliyyatları sürətləndirmək üçün fürsət əldə etdi. Bununla yanaşı, Kəlbəcərin azadlığı Azərbaycanın təhlükəsizlik mövqeyini əsaslı şəkildə gücləndirdi. İşğal dövründə rayonun yüksək dağlıq ərazisi Ermənistan ordusu tərəfindən Azərbaycanın Gəncə, Tərtər və Goranboy kimi böyük şəhərlərini təhdid etmək üçün  istifadə olunurdu. Bu təhlükənin aradan qaldırılması ilə ölkənin mərkəzi hissələrinin təhlükəsizliyi təmin edildi və Ermənistanın uzunmüddətli hərbi təhdidi sıradan çıxarıldı. Bu, yalnız hərbi deyil, həm də psixoloji qələbə idi.

Kəlbəcəri azadlığına qovuşduran və 2021-ci ilin avqustunda bu ulu diyara ilk səfərini edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, bölgəni cənnətə çevirəcəyik. Qalib lider İlham Əliyevin bu xoş xəbərindən ötən qısa zaman dönəmində Kəlbəcərdə böyük quruculuq, bərpa işləri həyata keçirilib, yeni sosial-iqtisadi obyektlərin təməlləri atılıb, uğurlu açılışlar edilib. Dövlət başçısının birbaşa nəzarəti altında bu ərazidə infrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər çəkilir, su-elektrik stansiyaları qurulur, kompleks işlər görülür. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunan 11,6 kilometrlik tunelin özü bu ərazidə həyata keçirilən misilsiz işlərdən yalnız biridir. 2023-cü il mayın 27-də - Müstəqillik Günü ərəfəsində yolunu yenidən Kəlbəcərdən salan xilaskar lider İlham Əliyev Kəlbəcər rayonunda ilk kəndlərin - Yanşaq və Zalların, eləcə də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu. Ötən ilin sentyabrında birinci xanım Mehriban Əliyeva ilə birgə Kəlbəcərə növbəti səfərini edən Prezident İlham Əliyev rayonda yeni açılışlar etdi, bünövrələr atdı. Bu səfər zamanı dövlətimizin başçısı Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, inzibati binanın, İstisu qəsəbəsinin təməlini qoydu. Həmçinin "İstisu" mineral su zavodunun açılışı edildi.

Prezident İlham Əliyevin 2025-ci ildə Kəlbəcərə səfəri bir tərəfdən Azərbaycanın hərbi-siyasi Qələbəsinin davamlı təsdiqi, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlət siyasətinin real təzahürü kimi dəyərləndirilir. Bu səfər Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri idi. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı. Prezident İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: “Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb”.

Prezident İlham Əliyev Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd edib. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış Proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir.

Sevinc Azadi, “İki sahil”