21 noyabr 2025 22:16
90

Beynəlxalq tədbirlərin keçirildiyi unikal məkan

Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən ölkəmiz ötən il ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ən yüksək səviyyədə ev sahibliyi etməklə dünyaya nümunə göstərdi

Məlum olduğu kimi, noyabr ayının 10-dən 21-nə kimi bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün Braziliyanın Belem şəhərində bir araya gəldi. “Bakıdan Belemə” uzanan strateji xətt həm iqlim ədalətinin, həm də beynəlxalq həmrəyliyin möhkəmlənməsində vacib bir keçid mərhələsi kimi qiymətlənidirilir. Belem şəhərində keçirilən COP30 konfransından gözləntilər daha böyük, məsuliyyət isə daha dərin idi. Konfransda Azərbaycanın iştirakı həm iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl liderliyi, həm də COP29 Sədrliyi dövründə əldə etdiyi mühüm nəticələri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün fürsət idi. Azərbaycan pavilyonu “Həmrəylik evi” adını daşıyırdı. Bu ad COP29-un əsas ideyasını – müxtəlif ölkələr arasında əməkdaşlıq və birgə məsuliyyət ruhunu simvolizə edirdi. Pavilyonun “İrs zalı” bölməsində həm qlobal COP29 irsi, həm də Azərbaycanın mədəni və ekoloji davamlılıq ənənələri xüsusi vurğulanır. Burada təqdim olunan ekspozisiyalar iqlim diplomatiyasında ölkəmizin qurucu rolunu nümayiş etdirirdi. Eyni zamanda, pavilyonda COP29 Sədrliyinin fəaliyyət proqramını formalaşdıran səkkiz əsas təşəbbüsə geniş yer ayrılmışdı. Şəffaflıq, su ehtiyatlarının iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı, sülh quruculuğu və insan inkişafı kimi istiqamətlər interaktiv üsullarla təqdim olunurdu. Quraşdırılmış rəqəmsal monitorlar vasitəsilə ziyarətçilər bu təşəbbüslərin mahiyyəti, COP sədrlikləri arasındakı ardıcıllıq və qarşılıqlı əməkdaşlığın necə formalaşdığı barədə ətraflı məlumat əldə edə bilirdilər.

COP30-un ümumilikdə təşkilinə gəlincə isə dünyanın müxtəlif  KİV-lərində yer alan xəbərlərdən də aydın görünür ki, təşkilatçılıq məsələlərin kifayət qədər zəif olub. Belə ki, COP30-un keçirildiyi məkanda yanğın baş verib. Yanğını söndürmək üçün dərhal yanğınsöndürən balonlarla hadisə yerinə qaçıblar. Duman dəhlizləri bürüyüb və insanlar “yanğın!” deyə qışqırıblar. Beynəlxalq iqlim hərəkatı təşkilatlarının da yer aldığı stendlər yanaraq kül olub. "Associated Press" agentliyi yanğın nəticəsində 13 nəfərin xəsarət aldığı barədə məlumat yayıb. Xatırladaq ki, bundan əvvəl isə yağış suları iqlim zirvəsinin keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə törətmişdi. Bundan əlavə, Poder360 xəbər portalının yaydığı məlumata görə, Braziliya rəhbərliyi əvvəllər 57 liderin iştirakını elan etsə də sonradan yalnız doqquz ölkənin dövlət və hökumət başçısının iştiraklarını rəsmi olaraq təsdiqləmişdi.

Bu məqamda ağla Azərbaycanda keçirilən COP29 gəlir. 2024-cü il 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda böyük uğurla keçirilmiş COP29 konfransı ölkəmizin bu günədək təşkil etdiyi ən nəhəng tədbir olmuşdur. Konfransda 76 min iştirakçı qeydiyyatdan keçmişdir. Həm təşkilat, həm də təhlükəsizlik baxımından ən yüksək səviyyədə təşkil edilmiş tədbirin keçirildiyi məkan müasir infrastruktura malik olub və bütün pavilyonlarda yanğınsöndürmə və təxliyə sistemləri, canlı monitorinq və peşəkar təhlükəsizlik personalı hər zaman hazır vəziyyətdə olub. İştirakçılar, həmçinin yüksək xidmət səviyyəsi və rahatlıqla təmin olunub, toplantılar fasiləsiz və səmərəli şəkildə keçirilib. Noyabrın 12-də 80-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilmiş COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq aktorlar arasında siyasət, mədəniyyət, enerji, ticarət və nəqliyyat körpüləri salmağa qadir olduğunu vurğulamışdır. Prezident İlham Əliyev ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanların cılız cəhdlərinin nə qədər uğursuz olduğunu ifşa etmiş, bütün dünyanın Bakıya toplaşdığını vurğulayaraq, Azərbaycanın qlobal miqyasda nüfuzunu və qüdrətini bir daha nümayiş etdirmişdir. Bakı COP-u tarixi uğurlar və həllini gözləyən bir çox məsələ üzrə mühüm qərarlarla yadda qalmış, Azərbaycan öz mirasını qoymağa müvəffəq olmuşdur. COP29 zamanı 52 məsələ üzrə qərar qəbul edilmişdir. Konfransın ən vacib nailiyyəti inkişaf etməkdə olan ölkələrin COP29-dan əsas gözləntisi – “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensusun əldə olunmasıdır. Qərarda 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik əsasda 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün çağırış edilmişdir. Bununla yanaşı, 2035-ci ilə qədər inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti ilə bağlı hər il ən azı 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi razılaşdırılmışdır. Bu rəqəm 2009-cu ildə qeyd edilən məqsədə 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş iqlim maliyyəsindən 3 dəfə artıqdır. COP29-un müəyyən olunmuş tematik günlərinə əsasən, COP29 Sədrliyi tərəfindən Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir təşkil edilmişdir. Bununla yanaşı, Liderlər Sammiti çərçivəsində 35 yüksək səviyyəli tədbir, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi ilə əlaqədar isə daha 35 tədbir keçirilmişdir. Qeyd edilən tədbirlərdə 196 dövlətin, həmçinin 150-dən çox dövlətlərarası təşkilat və BMT qurumlarının, eləcə də 2000-dək QHT nümayəndəsi iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaradılması, konsensusa nail olunması və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməmişdir.

Azərbaycan qlobal iqlim dəyişmələri ilə bağlı mühüm qərarların qəbul edilməsi üçün dünya ölkələrini səfərbər etməyə müvəffəq olaraq, bir daha öz liderliyini və genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirmişdir. COP29-un yekununda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür elan edilən qərarın yekdilliklə qəbul olunması bunun əyani göstəricisidir. COP29-un gedişatı, Azərbaycanın COP29-da prioritetləri, təşəbbüsləri və konfransın nəticələri nüfuzlu beynəlxalq mediada işıqlandırılmış, müsbət məzmunlu silsilə yazılar dərc olunmuşdur.

Sevinc Azadi, “İki sahil”