Dövlət başçısı İlham Əliyev «Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi» mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində bir daha bildirdi ki, Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilib
Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Ölkəmiz ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi önəm verir, yeni əməkdaşlıq formatlarının yaradılmasının müəllifi kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyevin hər ilin əvvəlində yeril televiziya kanallarına müsahibəsi ötən ilin uğurları fonunda qarşıdakı dövrün çağırışlarının təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsinə diqqəti yönəldərək bildirmişdir ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçildi. Əlbəttə ki, bu, Azərbaycan üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir.
Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsidir.
Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini artırmağa, xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycanın böyük investisiyalar məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu fakt inkaredilməzdir ki, Azərbaycan beynəlxalq aləmdə böyük investisiyalar məkanı kimi diqqətdədir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyar dollara yaxındır. Bunun 200 milyard dolları qeyri-neft sektoruna yönədilib. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas faktorlardan biridir. Yaxın gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun malik olduğu iqtisadi resurlarından səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafına töhfələr verməklə yanaşı, iqtisadi əlaqələrin coğrafiyasını genişləndirəcək. Azərbaycanın hazırkı dövrdə əsas hədəflərindən biri ixrac imkanlarını genişləndirməkdir. D-8 təşkilatına üzvlük bu sahədə də imkanlar yaradacaq. Ölkəmiz texnoloji inkişafı, müasir çağırışları yüksək səviyyədə yerinə yetirməsi, daim yeniliyə, təkmilləşməyə meyill olması ilə dünyanın diqətindədir.
Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. İqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “Bakutel” Beynəlxalq Sərgi və Konfransının Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilməsi, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatıdır. «XX əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bütün məqamları özündə ehtiva edir.
Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında da bu məsələyə xüsusi diqqət yönəltdi. Azərbaycanda təhsilin, elmin inkişafından, alimlərimizin ölkəmizin tərəqqisinə verdikləri davamlı töhfələrdən geniş bəhs edildi.
İllər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Hazırda hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini onun texnoloji imkanları şərtləndirir. Dövlət başçısının çıxışında bildirdiyi kimi, bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Cənab İlham Əliyev bu çağırışı etdi ki, ona görə texnoloji inkişaf üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar sadəcə olaraq bir vasitədir, bir imkandır. Təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə inkişafımızı dayanıqlı etmək olar. Təbii sərvətlər tükənən sərvətlərdir. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər.
Bu baxımdan texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, sosial-mədəni layihələrin icrası da Azərbaycanın D-8 təşkilatı daxilində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Qeyd etdiyimiz kimi, Azərbaycan texnoloji yenilikləri ilə daim dünyanın diqqətindədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, müasir idarəçilik sisteminin tətbiqi də bunu bir daha təsdiqləyir. Azərbaycan bütün bu imkanlardan səmərəli istifadə edərək həm quruma üzv dövlətlərə, həm də onlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verə bilər. Əlverişli geosiyasi mövqedə yerləşən, geniş iqtisadi potensiala və müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi artıq təsdiqləyib. Avropa ilə Asiyanın qovuşağında yerləşən ölkəmiz həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Məhz bu amillər ölkəmizin D-8 təşkilatına üzvlüyünü şərtləndirdi. Azərbaycanın diplmatik təcrübəsi hədəflərə doğru inamla irəliləməsində, beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə kimi də dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olub. Bütün dövrlərdə bu təşkilat,- hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, -Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycanın İslam həmrəyliyi ilə bağlı addımları, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun bariz nümunəsidir. «Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq» söyləyən cənab İlham Əliyev onu da qeyd edir ki, bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik. Bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur: «Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.»
Yada salaq ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşımında İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkür edərək bu mühüm addımı, diplomatik uğuru, Azərbaycanın namizədliyinə dəstəyi üzv ölkələr ilə səmimi dostluğun və əməkdaşlığın göstəricisi kimi qeyd etmişdir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub. Bu, bizim üçün qürur mənbəyidir. Dövlətimizn başçısı belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.
Ölkəmizin D-8-ə üzvlüyü bir daha sübut etdi ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Təşkilatın yeni hədəfləri «2020-2030 illər üçün yol xəritəsi» sənədində əks olunub. D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açır.
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirildi. D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dayanıqlı həllər isə hər bir ölkənin öz reallıqlarından irəli gəlir. Məhz buna görə də, medianın inkişafı sahəsində əməkdaşlıq bizim üçün strateji önəm daşıyır.
Dövlət başçısı İlham Əliyev «Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi» mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində bildirdi ki, bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.
Cənab İlham Əliyev həmin müraciətində dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirək bildirdi ki, qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir. Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən D-8 Media Forumunun əsas vəzifələrindən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Yeganə Əliyeva, «İki sahil»