22 noyabr 2025 16:16
141

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb.

O, yarışın dördüncü dəfə təşkil edildiyini xatırladıb: "Artıq üç qalibimiz var. Onları beynəlxalq turnirlərə də yollayırıq. Bu yarış yüksək səviyyədə təşkil olunur. Bizi maraqlı mübarizə gözləyir. Dəstək olanlara, tərəfdaşlarımıza təşəkkür edirəm".

AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb:

"Turnirin davamlı keçirilməsi bizi sevindirir. Bu il Bakıda baş tutan minifutbol üzrə dünya çempionatının qalibi olmuşuq. Bu, ölkəmizdə minifutbolun inkişaf etdiyini göstərir. Dövlət qurumları da ənənəvi turnirə diqqət ayırırlar".

Açılış mərasimi bədii hissə ilə davam edib, ardınca turnirin ilk oyunu start götürəcək.

Qeyd edək ki, yarış 2026-cı ilin mayında başa çatacaq.