23 noyabr 2025 14:50
62

Özbəkistan və Azərbaycan gəncləri arasında dialoq genişlənir

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Özbəkistan Gənclər Birliyi və Azərbaycanın “Gənc islahatçılar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə gənclər konfransı keçirilib.

“İki sahil” Özbəkistan Milli Xəbər Agentliyinə istinadla xəbər verir ki, tədbir ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və iki ölkənin gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli platforma rolunu oynayıb.

Konfransda universitetin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan və Azərbaycanın gənclər təşkilatlarının rəhbərləri, alimlər iştirak ediblər.

Natiqlər iki ölkə arasında strateji tərəfdaşlığın, həmçinin dövlət başçıları Şavkat Mirziyoyev və İlham Əliyevin dostluq münasibətlərinin gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaratdığını vurğulayıblar. Elm, innovasiya, mədəniyyət, könüllülük və startap layihələri sahəsində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Qarabağ Zəfəri Azərbaycan gənclərinin konsolidasiyasında mühüm amilə çevrilib və onların sosial fəallığına yeni təkan verib.

Konfrans iştirakçıları vurğulayıblar ki, müştərək proqramlar, tələbə və ekspert mübadiləsi, birgə forumlar, innovasiya və startaplar sahəsində tərəfdaşlığın inkişafı iki ölkənin gəncləri arasında əlaqələri daha da gücləndirəcək.