19 noyabr 2025 10:15
174

Yeni sistem nə vəd edir?

Kamran Əsədov: Müəllimlərin əməkhaqqının dərs saatına görə deyil, iş saatına uyğun müəyyənləşdirilməsi ən real və modern mexanizmdir

Ölkədə müəllimlərin dərs yükü və əməkhaqqı mexanizminin yenilənməsi ilə bağlı müzakirələr genişlənib. Müəllimlərin əməkhaqlarının dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdirilməsi təklifi xüsusi diqqət çəkib. Bu təklif Milli Məclisin ötən həftə keçirilən iclasında "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı səsləndirilib. Təklif edilən mexanizmin əsas məqsədi müəllimlərin gəlirinin sabitləşdirilməsi və iş vaxtının daha effektiv şəkildə təşkil olunmasıdır.

Yeni yanaşmaya əsasən, mövcud “dərs saatı” sistemi mərhələli olaraq “iş saatı” prinsipi ilə əvəz ediləcək. Bu dəyişiklik müəllimlərin yalnız dərs yükünə görə deyil, məktəbdə keçirdikləri ümumi iş vaxtına görə qiymətləndirilməsini təmin edəcək. Tətbiqi nəzərdə tutulan tam-ştat modelində müəllimlərin həftəlik dərs yükünün 18–24 saat arasında olması planlaşdırılır, qalan zaman isə məktəbdaxili fəaliyyətlərə, metodiki işə və əlavə tədris məsələlərinə ayrılacaq. Beləliklə, məktəblərdə tam iş rejiminə uyğunlaşdırılmış yeni struktur yaradılacaq. Eyni zamanda, hazırlanan mexanizmin tətbiqinin məktəblərdə işin planlaşdırılmasına da dəyişiklik gətirəcəyi gözlənilir. Yeni model məktəbdaxili fəaliyyətlərin strukturlaşdırılmasını, müəllimlərin dərsdənkənar saatlarda daha səmərəli şəkildə cəlb olunmasını nəzərdə tutur. Bu, həm şagirdlərlə fərdi işin genişlənməsinə, həm metodik hazırlığın gücləndirilməsinə, həm də məktəbin ümumi idarəetmə prosesində müəllimlərin rolunun artmasına imkan verəcək.

İş saatına əsaslanan yeni yanaşma tədrisin keyfiyyətini artırmağa nə dərəcədə şərait yarada bilər?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə  açıqlamasında bildirdi ki, müəllimlərin əməkhaqlarının dərs saatına görə deyil, iş saatına uyğun müəyyənləşdirilməsi Azərbaycan təhsil sisteminin uzun illərdən bəri davam edən struktur problemini aradan qaldırmaq üçün ən real və ən modern mexanizmdir: “Mövcud modeldə müəllimin əməyinin yalnız auditoriyada keçdiyi 45 dəqiqəlik dərslə ölçülməsi həm “Təhsil haqqında” Qanunun 35.2-ci maddəsində göstərilən pedaqoji funksiyalara ziddir, həm də beynəlxalq standartlardan kənara çıxır. Qanuna əsasən, müəllim təkcə dərs keçən şəxs deyil; o, metodiki hazırlıq aparmalı, şagirdin inkişafını izləməli, valideynlərlə işləməli, layihə və tədris planları hazırlamalıdır. Hazırkı dərs-saat modeli bu fəaliyyətləri görünməz əməyə çevirir, əməkhaqqında öz əksini tapdırmır və müəllimlik peşəsinin nüfuzunun zəifləməsinə səbəb olur. Yeni iş saatı modeli isə bu normativ boşluğu aradan qaldırıb müəllimin bütün fəaliyyətini rəsmi və maddi dəyərə çevirir.

Bu yanaşmanın tətbiqi həm keyfiyyətə, həm sosial nüfuza, həm də maddi təminata eyni anda təsir edir. Dünyada ən uğurlu təhsil sistemlərinin – Finlandiya, Estoniya, Sinqapur – hamısında əmək funksiyası dərs yükündən üstün tutulur. Bu ölkələrdə müəllim məktəbdə gündə 8–9 saat olur, amma bu vaxtın yalnız 40–50%-i auditoriya dərslərinə sərf edilir. Qalan vaxt fərdi izah, metodiki hazırlıq və layihə fəaliyyətlərinə ayrılır. Elə buna görə də bu ölkələrin PISA nəticələri dünyanın ən yüksək sırasındadır. Müqayisə apardıqda görünür ki, Azərbaycan yeni modelə məhz bu standarda uyğun şəkildə keçid edir və son beş ildə nazirliyin atdığı addımlar bu keçidi mümkün edən real infrastruktur formalaşdırıb.”

Kamran Əsədovun sözlərinə görə, statistika göstərir ki, son beş ildə Elm və Təhsil Nazirliyi müəllimlərin maddi durumunu yaxşılaşdırmaq üçün ardıcıl və sistemli siyasət həyata keçirib: “2020–2024-cü illər arasında müəllimin orta əməkhaqqı 420 manatdan 780 manata yüksəlib – artım 86%-dir və bu, region üzrə ən yüksək dinamika sayılır. Eyni müddətdə sertifikasiyada yüksək bal toplayan müəllimlərin əməkhaqqına 30–50% əlavə olunub, 12 min yeni müəllim ştatı açılıb, 36 min kompüter məktəblərə verilib, internet təminatı 31%-dən 78%-ə çatdırılıb, 420-dən çox məktəb əsaslı şəkildə yenidən qurulub. Bu rəqəmlər göstərir ki, nazirlik əvvəlki onillikdə həll olunmayan problemləri bir neçə il ərzində struktur şəkildə həll etməyə başlayıb və yeni iş saatı modeli bu siyasətin növbəti mərhələsidir.”

Yeni model şagirdlərlə fərdi iş imkanlarını artıracaqmı?

Ekspertin fikirlərinə əsasən, yeni modelin üstünlüyü ondan ibarətdir ki, dərs yükü azalır, amma əməkhaqqı sabit və daha yüksək olur: “Bu, həm müəllimin motivasiyasını artırır, həm də gənc kadrların müəllim peşəsinə marağını yüksəldir. 2015-ci ildə pedaqoji ixtisaslara qəbul balı orta hesabla 230 idisə, islahatların təsiri ilə 2023-cü ildə bu göstərici 350 balı keçib. Yəni, müəllimlik peşəsi yenidən cazibədar olmağa başlayıb və bunun əsas səbəbi məhz sosial rifahın və peşə nüfuzunun yüksəlməsidir. Yeni iş saatı modeli bu tendensiyanı daha da gücləndirəcək, çünki dərs-saat asılılığından çıxan müəllim sabit maaş, sabit iş rejimi və rəsmi şəkildə tanınmış pedaqoji funksiyalara sahib olacaq.

Müəllimin məktəbdə daha çox vaxt keçirməsi fərdi iş imkanlarını ciddi şəkildə artırır və bu, tədris keyfiyyətinə birbaşa təsir edən amildir. Hazırda müəllim dərsdən sonra məktəbi tərk etdiyinə görə şagirdlər əlavə izah, konsultasiya və fərdi dəstək almaqda çətinlik çəkirlər. Yeni model isə bu sahədə köklü dəyişiklik yaradır: dərs saatı azaldıldığından, fərdi iş, zəif şagirdlərə dəstək, layihə hazırlığı və qiymətləndirmə üçün real vaxt ayrılır. Dünyada aparılan tədqiqatlara görə, şagirdin uğuruna ən çox təsir edən fəaliyyət məhz müəllimin fərdi izah üçün sərf etdiyi əlavə vaxtdır. Sinqapurda hər şagirdlə müntəzəm fərdi iş aparılması repetitorluq ehtiyacını 48% azaldıb. Azərbaycanda da gözlənilən odur ki, məktəbdaxili tədris gücləndikcə repetitorluğa tələb təbii şəkildə azalacaq. Bu, modelin məqsədi deyil, düzgün tətbiqin yan təsiri olacaq.”

Narahatlığa əsas varmı?

Həmsöhbətimiz qeyd etdi ki, yeni modelin bəzi narazılıqlar doğurması isə keçid dövrünün qanunauyğun nəticəsidir: “Sosial şəbəkələrdə yayılan narahatlıqlar daha çox yanlış təsəvvürlərlə bağlıdır: sanki müəllimləri “məcburi şəkildə məktəbdə oturtmaq” niyyəti var, halbuki model yalnız könüllüdür və yalnız sertifikasiyada yüksək nəticə göstərən müəllimləri əhatə edir. Bu isə gələcəkdə yaradılacaq geniş tətbiq üçün pilot gövdə rolunu oynayır və riskləri minimuma endirir. Müqayisə etdikdə görünür ki, Avropa ölkələri bu tip modellərə məhz yüksək nəticə göstərən müəllimlərlə başlayıb və sistem oturuşandan sonra genişləndirib.

Hesab edirəm ki, əmək haqqının iş saatına uyğun müəyyənləşdirilməsi müəllimin nüfuzunu qaldıran, maddi təminatı yaxşılaşdıran, dərsin keyfiyyətini artıran və şagirdlə fərdi iş imkanlarını genişləndirən kompleks islahatdır. Elm və Təhsil Nazirliyi son beş ildə bu istiqamətdə möhtəşəm nəticələr əldə edib və yeni model bu siyasətin məntiqi və davamlı mərhələsidir. Azərbaycanda formalaşdırılan mexanizm beynəlxalq təcrübədən geri qalmır, əksinə bir çox sahələrdə daha sürətli inkişaf nümayiş etdirir. Bu dəyişiklik müəllimin dəyərini yüksəldəcək, tədrisin keyfiyyətini artıracaq və təhsil sisteminin uzun illərdir həll olunmayan problemlərini mərhələli şəkildə aradan qaldıracaq.”

Şahnigar Əhmədova, “İki sahil”