“Oğlumla, gəlinimlə, nəvələrimlə – hamımız birlikdə doğma yurda yola çıxırıq. Arzularımız da, xəyallarımız da çoxdur. İnşallah gedib öz həyatımızı qurarıq, sakitlik və rahatlıq taparıq. Hər şey yaxşı olacaq”.
“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Nəcibə Orucova deyib.
O, bildirib ki, bu illər ərzində yataqxanada məskunlaşıb, çətinliklər çəkib. Ancaq indi daha yaxşı şəraitli mənzillə təmin olunub.
"Bu illər boyu bütün çətinliklərə dözmüşük, amma şükürlər olsun ki, bu gün bizi öz yerimizə qaytarırlar. Bu günü bizə yaşadan şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə də uzun ömür arzu edirəm. Biz bu günü 32 il gözləmişdik. Şükürlər olsun ki, həmin gün gəldi və biz doğma yurdumuza qayıdırıq”, - deyə keçmiş məcburi köçkün vurğulayıb.