Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş mətninin paraflanması, Minsk prosesinin bağlanması təşəbbüsü və kommunikasiya xətlərinin açılması, o cümlədən TRIPP marşrutu üzrə razılıqlar sülh gündəliyini artıq kağız üzərində deyil, konkret siyasi çərçivə kimi təsbit etdi. Bakıdakı “Sülh Körpüsü” Təşəbbüsü görüşündə aparılan müzakirələrin əsası da məhz Vaşinqtondan sonra atılan addımların dərinləşdirilməsi üzərində qurulub. Təşəbbüs üzvləri də öz növbəsində sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində öz töhfələrini verməkdədirlər. Bu, “Sülh Körpüsü” Təşəbbüsünü abstrakt “sülh çağırışından” çıxarıb, vətəndaş cəmiyyəti nümayəndələrinin konkret gündəmi olan platformaya çevirir.

Bakı görüşündə qərara alınıb ki, proses artıq öz adı – “Sülh Körpüsü” Təşəbbüsü altında davam etsin və növbəti 6 ay üçün fəaliyyət planı hazırlansın. Bu, institutlaşma istiqamətində ilk addımdır. Bakı görüşündə həmçinin razılaşdırılıb ki, Azərbaycan və Ermənistan mediaları arasında əlaqələrin qurulması və intensivləşdirilməsi üçün xüsusi addımlar atılsın.
Belə əməkdaşlıq ictimai rəyə sülh gündəliyinin əhəmiyyətinin aşılanması istiqamətində təsir göstərə bilər. Görüşdə razılığa gəlinib ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulsun; bu, “Sülh Körpüsü” Təşəbbüsünün əsas yeniliklərindən biri kimi xüsusi vurğulanıb. Bu da gələcəkdə ortaq analitik yanaşmalar formalaşdırmağa imkan verəcək.
Bakı görüşündə növbəti aylar üçün konkret sahələr üzrə layihələrin hazırlanmasına başlamaq barədə razılıq əldə olunub; bunlara vətəndaş cəmiyyətinin məlumatlandırılması, ekspert əməkdaşlığı və media sahəsində ortaq fəaliyyətlər daxildir. Bu layihələr gələcəkdə tərəflərin birgə planlaşdırma və icra təcrübəsini formalaşdıracaq. Eyni zamanda dialoqu konkret ölçülə bilən nəticələrlə zənginləşdirəcək.
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində həm işgüzar səviyyədə əlaqələrin, həm də hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi barədə qərar verilib. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin 21–22 noyabr tarixlərində Bakıya səfəri zamanı həm rəsmi görüşlər, həm də şəhər turları, mədəni proqramlar həyata keçirilib.
Ümumilikdə bu səfərlərin əsas məqsədləri dialoqun davamlı olmasını təmin etməkdir.
Ramil İskəndərli,
Milli QHT Forumu İdarə Heyətinin sədri