Azərbaycanın Gülüstan guşələrindən biri- qədim Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. İkinci Qarabağ müharibəsindəki 44 günlük şərəfli savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Bununla da Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, məlum üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix hər il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də o vaxtkı AXC- Müsavat hakimiyyətinin səriştəsizliyindən qısa müddətdə ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşımışdılar. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən danışdı: «Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.»
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur. Artıq bu qayıdışa başlanılıb.
Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir. Həmçinin 2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Həmin ilin avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü ilin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki «Yuxarı Vəng» Su Elektrik Stansiyasının, «İstisu» yarımstansiyasının, «Zar» KSES-in açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda «Toğanalı» KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə «İstisu» mineral su zavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir.
Ötən ilin sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda «İstisu» Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.
Artıq rayonda aparılan nəhəng quruculuq işləri öz nəticələrini verməkdədir. Belə ki, kəlbəcərli keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıtmağa başlayıblar. İndi burada həyat qaynayır, insanlar döğma torpaqlarında azad və rahat şəkildə yaşayırlar.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri