Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Biləsuvar Rayon Mərkəzi Parkında “Aqrar Biznes” və “Hind quşu” festivalları keçirilib.
“İki sahil” xəbər verir ki, festivalda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar, həmçinin Şirvan-Salyan iqtisadi rayonunu əhatə edən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonlarının sakinləri, fermer və sahibkarları iştirak edib.
Festivalda müxtəlif quş əti məhsulları və kənd təsərrüfatının müxtəlif sahələrinə dair məhsul və texnologiyalar sərgilənib.
Festivalda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda quşçuluğun inkişafına dəstək və turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyan festivalın həm bölgənin iqtisadi potensialının tanıdılması, həm də milli mətbəxin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bölgələrdə keçirilən məhsul festivalları fermerlərə, istehsalçılara və sahibkarlara yeni imkanlar təqdim edən platformadır. Anar Cəfərov bu kimi festivalların regionun aqrar imkanlarının tanıdılmasına əhəmiyyətli töhfə verdiyini, eyni zamanda yeni biznes tərəfdaşlıqları üçün mühüm olduğunu vurğulayıb.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli Biləsuvar rayonunun tarixən ölkənin quşçuluq təsərrüfatının formalaşdığı ilk bölgələrdən biri olduğunu qeyd edib. O bildirib ki, rayonda illər boyu formalaşmış təsərrüfat ənənələri və əlverişli təbii-iqlim şəraiti burada quşçuluğun inkişafı üçün mühüm baza yaradıb. Mürvət Həsənli vurğulayıb ki, hazırda ölkəmizdə quşçuluq sahəsi dinamik inkişaf edir, həm yumurta, həm də quş əti istehsalında ciddi artım müşahidə olunur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşı Fərid Vəlizadə çıxışında regionlarda sahibkarlığın dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, festival yerli sahibkarların tanıdılması, kənd təsərrüfatı məhsullarının bazar dəyərinin artırılması və region iqtisadiyyatının canlandırılması baxımından mühüm təşəbbüsdür.
Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini təmsil edən bitki mühafizəsi, quşçuluq və yemçilik üzrə fəaliyyət göstərən şirkətlərlə yanaşı, müvafiq elmi tədqiqat müəssisələri və dövlət qurumları iştirak edib. Tədbir çərçivəsində iştirakçılar öz məhsul və xidmətlərini təqdim edərək, əməkdaşlıq imkanlarını və sahə üzrə yenilikləri müzakirə ediblər.
Festival çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermer və rayon sakinlərinin güzəştli kreditlərlə bağlı daha da məlumatlandırılması məqsədilə Kredit Yarmarkası təşkil edilib. Yarmarkada bir sıra bank və bank olmayan kredit təşkilatları iştirak edib.
Yarmarkada fermerlər aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları və fermerlərin mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.
Bundan əlavə festivalda yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən guşə fəaliyyət göstərib.
Qeyd edək ki, festival çərçivəsində 24 noyabr tarixində “Quşçuluğun dayanıqlı inkişafı: yeni çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçiriləcək. Panel müzakirəsində Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Sığorta Fondu və Zarat Yem Fabriki özəl şirkətin mütəxəssisləri spiker qismində çıxış edəcəklər.