Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarını bir araya gətirən həmrəylik forumu, türkdilli dövlətlər arasında vətəndaş cəmiyyəti əməkdaşlığının yeni mərhələsini formalaşdıran mühüm platforma kimi çıxış edir. Üzv ölkələrdən 500-dən çox QHT təmsilçisinin iştirakı ilə keçirilən bu genişmiqyaslı tədbir, yalnız fikir və təcrübə mübadiləsi üçün imkan yaratmır, həm də dövlətlərarası münasibətlərin ictimai əsasının gücləndirilməsinə, qeyri-hökumət sektoru arasında institusional tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına ünvanladığı məktubun əsas çağırışı türk dünyasının birliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşdirilməsi və ortaq dəyərlər əsasında daha sıx həmrəyliyin təmin olunmasıdır. Məktubda Azərbaycan Prezidenti xüsusilə vurğulayır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və mədəni inteqrasiyanın güclənməsi üçün QHT-lərin fəal rolu əvəzsizdir. Vətəndaş cəmiyyəti təşkilatları xalqlar arasında körpü funksiyasını yerinə yetirir və bu səbəbdən qarşılıqlı etimadın, informasiya mübadiləsinin və ümumi maraqlara xidmət edən layihələrin genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Türk dünyasının gücü həm dövlətlərin siyasi iradəsində, həm də cəmiyyətin fəallığında və birliyindədir: “Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.” Prezidentin çağırışı QHT-ləri birgə təşəbbüsləri artırmağa, yeni əməkdaşlıq formatları yaratmağa, gənclərin, qadınların, sosial və humanitar sahədə çalışan qurumların birliyini gücləndirməyə səsləyir. Bu, bütövlükdə Türk dünyasının inkişafı, təhlükəsizliyi və möhkəm həmrəyliyi üçün strateji əhəmiyyət daşıyan bir mesajdır.
Deputat diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu çərçivəsində Prezident İlham Əliyevin göndərdiyi məktub, yalnız vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini deyil, həm də bölgədə iqtisadi və infrastruktur layihələrinin türk dünyasının birliyi və inkişafına verdiyi strateji töhfəni ön plana çıxarır. Azərbaycan Prezidenti qeyd edib ki, bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir:“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.”
K.Bayramov əlavə edib ki, bu Forum, türk dünyasında yalnız QHT-lərin fəaliyyətini gücləndirmək deyil, həm də mədəni inteqrasiyanın dərinləşdirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyətin təşviqi üçün mühüm imkan kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı məqamlar, həmrəyliyin və ortaq əməkdaşlığın strateji əhəmiyyətini, habelə türk xalqlarının birliyinə xidmət edən uzunmüddətli təşəbbüslərin davam etdirilməsinin vacibliyini ön plana çıxarır: “2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər. Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.
Bu baxımdan, forum yalnız QHT-lərin rolunu gücləndirməklə kifayətlənmir, eyni zamanda türk dünyasında mədəni, sosial və iqtisadi inteqrasiyanın inkişafı üçün geniş perspektivlər açır və ölkələr arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.