24 noyabr 2025 16:49
81

Orfoqrafiya lüğətinə yenidən baxılır

Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya lüğətinin yeni nəşri ilə bağlı geniş iclas keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda lüğətin yenilənməsi, görülən işlərin mövcud vəziyyəti və texniki hazırlıq məsələləri ətraflı müzakirə olunub.

İnstitutun direktoru professor Nadir Məmmədli öz çıxışında bildirib ki, Prezident İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlərdə Orfoqrafiya lüğətinə yenidən baxılır. Yeni nəşrin hazırlanmasında 2021-ci ildə çap olunmuş Orfoqrafiya lüğəti əsas baza kimi qəbul edilib. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, növbəti təkmil nəşrdə Dilçilik İnstitutunun Dil Korpusu bazasından da geniş istifadə olunmuş, sözlərin işlənmə tezliyinə baxılıb. Korpus əsaslı yanaşma lüğətdə normativ qaydaların daha dəqiq müəyyənləşdirilməsinə və lüğətin əsaslarının gücləndirilməsinə imkan verir.

Sonda Orfoqrafiya lüğətinin növbəti nəşrinin ən müasir elmi praktik tələblərə cavab verməsi, dil normalarının daha dəqiq müəyyən olunması və cəmiyyət üçün əlçatan şəkildə təqdim olunması istiqamətində işlərin ardıcıl davam etdirildiyi vurğulanıb.