Son illər ölkəmizin müxtəlif bölgələrində keçirilən “Aqrar Biznes” və məhsul festivalları kənd təsərrüfatı sektorunun inkişafında mühüm rol oynayan iqtisadi və sosial platformaya çevrilib. Bu tədbirlər fermerlərə və yerli istehsalçılara məhsullarını birbaşa təqdim etmək, bazar şəbəkələrinə çıxış əldə etmək, həmçinin innovativ texnologiyalarla tanış olmaq imkanı yaradır. Festival formatı yalnız satış məqsədi daşımır, o həm də təlim, maarifləndirmə, yeni biznes əlaqələrinin qurulması və regionların turizm potensialının tanıdılması baxımından geniş funksiyalar yerinə yetirir.
Festival platformalarının iqtisadi əhəmiyyəti
“Aqrar Biznes” festivalları yerli istehsalçılar üçün bazar imkanlarını genişləndirir, xərclərin azalmasına və gəlirlərin artmasına şərait yaradır. Festivallar zamanı böyük ticarət şəbəkələri, emal şirkətləri, holdinqlər və aqrar sənaye nümayəndələri fermerlərlə birbaşa əlaqə qurur, uzunmüddətli tərəfdaşlıqlar formalaşdırılır.
Bununla yanaşı, müxtəlif bankların və aqrar maliyyə qurumlarının iştirakı fermerlərə kredit, lizinq və sığorta kimi xidmətlərdən daha rahat istifadə imkanı yaradır. Təcrübə göstərir ki, festival günlərində təlimlər, panel müzakirələri və praktiki təqdimatlar əkinçilik mədəniyyətinin yüksəlməsinə, yeni istehsal metodlarının tətbiqinə və məhsuldarlığın artmasına müsbət təsir edir.
İnnovasiya və maarifləndirmə üçün açıq meydan
Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və digər qurumlar tərəfindən müasir texnologiyalar, dron xidmətləri, toxum sortları, aqrotexniki yeniliklər nümayiş etdirilir. Fermerlər mütəxəssislərlə məsləhətləşir, torpaq, gübrələmə, damcılama suvarma və zərərvericilərlə mübarizə kimi mövzularda praktik biliklər əldə edirlər. Bu tədbirlər xüsusilə gənc fermerlərin və qadın sahibkarların aqrar sektora daha fəal qoşulmasına stimul verir.
Regionların aqrar sektorunun inkişafına və turizm potensialına töhfə
“Aqrar Biznes” festivalları həm də regionların mədəni həyatına rəng qatır, yerli turizmin inkişafına dəstək olur. Ənənəvi kulinariya, xalq sənətkarlığı, dekorativ-tətbiqi sənət nümunələri, musiqi və folklor nümunələri festival proqramlarına daxil edilir. Bu isə bölgənin brend kimliyinin formalaşmasına və daha geniş tanınmasına şərait yaradır.
Bölgələrdə keçirilən tədbirlərin uğurlu nümunələrindən biri də 23-24 noyabr tarixlərində Biləsuvarda keçirilən “Aqrar Biznes” və “Hind quşu” festivallarıdır. Rayon həm ənənəvi, həm də innovativ aqrar tədbirləri ilə seçilir. Festivalda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar, həmçinin Şirvan-Salyan iqtisadi rayonunu əhatə edən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonlarının sakinləri, fermer və sahibkarları iştirak ediblər. Festivalda müxtəlif quş əti məhsulları və kənd təsərrüfatının müxtəlif sahələrinə dair məhsul və texnologiyalar sərgilənib.
Biləsuvarın kənd təsərrüfatı üzrə özünəməxsus istiqamətlərindən biri olan hind quşu təsərrüfatçılığı artıq festival formatında geniş təqdim edilib. Festival çərçivəsində ziyarətçilərə hind quşu məhsullarından hazırlanan çeşidli təamlar təqdim olunub, yerli istehsalçılar üçün satış və tanıtım imkanı yaranıb. Bununla yanaşı, festivalda mədəniyyət guşələri, dekorativ-tətbiqi sənət nümunələri, usta dərsləri, idman-əyləncə proqramları nümayiş etdirilir. Bu isə tədbiri sadəcə aqrar deyil, həm də mədəni-turistik platformaya çevirir.
“Aqrar Biznes” Festivalı – yeni imkanların qovuşduğu meydan
Biləsuvarda keçirilən son “Aqrar Biznes” Festivalı region fermerləri və istehsalçıları üçün yeni satış, təlim və əməkdaşlıq imkanları yaradıb. Fermerlər müasir texnologiya nümunələri ilə tanış olub, aqrar xidmətlər və subsidiyalar haqqında məlumat əldə edib, maliyyə qurumlarının təklif etdiyi kredit məhsulları ilə bağlı nümayəndələrlə görüşüblər. Bu festival həm də yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etməsinə, regionun aqrar potensialının daha geniş miqyasda tanıdılmasına xidmət edib.
Bölgələrdə keçirilən məhsul festivalları təkcə kənd təsərrüfatı məhsullarının satışı üçün deyil, həm də uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən biri kimi çıxış edir. Bu tədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, maliyyə alətlərinə çıxış imkanlarının genişlənməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə ciddi töhfə verir.
Biləsuvarda keçirilən son festivallar isə bu prosesin uğurlu model kimi bölgələr üzrə tətbiq imkanlarını nümayiş etdirir. Gələcəkdə belə layihələrin əhatə dairəsinin genişlənməsi, aqrar innovasiya və startapların daha çox cəlb olunması Azərbaycan kənd təsərrüfatının davamlı inkişafına əlavə stimul verəcək.
Orxan Vahidoğlu, “İki sahil”