Bərpaolunan enerji layihələri bu strategiyanın əsas dayağına çevrilir
Azərbaycanın enerji siyasəti son illərdə qlobal miqyasda baş verən dəyişikliklərin fonunda yeni bir mərhələyə daxil olur. Neft və qaz kimi strateji resurslara malik olan ölkə artıq iqtisadi inkişaf kursunu yalnız ənənəvi enerji üzərində qurmaq niyyətində deyil. Son onillikdə bərpaolunan mənbələrə keçidin sürətlənməsi Azərbaycan üçün həm ekoloji zərurətə, həm də uzunmüddətli iqtisadi təhlükəsizliyi təmin edən başlıca seçimə çevrilib. Bu istiqamətdə atılan addımlar yeni “yaşıl iqtisadiyyat” modelinin formalaşmasını sürətləndirir və ölkənin inkişaf strategiyasını keyfiyyətcə fərqli bir müstəviyə daşıyır.
Hazırda enerji sektorunda icrası tamamlanan və 2027-ci ilədək tikintisi planlaşdırılan sənaye miqyasında 2 QVt gücündə olan səkkiz günəş və külək elektrik stansiyası bu yeni mərhələnin ən real göstəricilərindən biridir. Bu layihələr ölkənin enerji istehsalına güclü təsir göstərməklə yanaşı, təxminən 2,8 milyard dollarlıq investisiya axınına da şərait yaradır. Belə bir investisiya paketi yalnız iqtisadi sabitliyin deyil, həm də Azərbaycanın enerji infrastrukturuna beynəlxalq etimadın daha da artdığını nümayiş etdirir. Bərpaolunan enerji sahəsinin genişlənməsi qeyri-neft sektorunun inkişafına, yeni sənaye sahələrinin yaranmasına və texnologiya əsaslı istehsalın güclənməsinə də mühüm təkan verir.
İş imkanları artır...
İnvestisiya axını təkcə maliyyə vəsaitinin daxil olması demək deyil. Bu, eyni zamanda, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi, yeni istehsal mədəniyyətinin formalaşması və müasir mühəndislik biliklərinin inkişafı deməkdir. Günəş və külək enerjisi layihələri həm yüksək effektivlikli avadanlıqların tətbiqini, həm də ağıllı şəbəkə və enerji saxlama sistemlərinin geniş istifadəsini zəruri edir. Nəticədə ölkədə yeni ixtisaslar, yeni iş yerləri və gənclər üçün daha rəqabətli peşə imkanları yaranır.
Son illər yaşıl enerjinin Azərbaycanın xarici siyasət və regional əməkdaşlıq gündəliyində xüsusi yer tutması təsadüfi deyil. Xəzər–Qara dəniz–Avropa xətti boyunca yaşıl enerji dəhlizinin qurulması Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının mühüm hissəsinə çevrilib. Bu dəhlizin aparıcı ölkələrindən biri kimi Azərbaycan həm öz ixrac imkanlarını genişləndirir, həm də geosiyasi çəkisini artırır. Avropa bazarlarına çatdırılacaq yaşıl enerji təkcə iqtisadi dividentd deyil, həm də siyasi tərəfdaşlıqların möhkəmlənməsi deməkdir.
Mərkəzi Asiya ilə enerji körpüsü
Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizi üzrə imzalanmış razılaşmalar da regionda yeni reallıq formalaşdırır. Bu ölkələrin böyük bərpaolunan enerji potensialının istifadəsi üçün etibarlı tranzit marşrutlarına ehtiyacı var və Azərbaycan bu zəncirin ən vacib həlqəsinə çevrilir. Xəzər üzərindən elektrik ötürülməsi imkanları, modern infrastruktur və regional enerji qovşağı kimi mövqeyi Azərbaycanı bu əməkdaşlıq modelinin dəyişməz tərəfdaşına çevirir. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanı da gücləndirir.
Azərbaycanın enerji balansında gedən dəyişiklik artıq hiss olunur. Bir neçə il əvvəl ölkəmiz əsasən neft və qaz ixrac edən enerji dövləti kimi qəbul olunurdusa, bu gün elektrik enerjisi də ixrac portfelinin mühüm hissəsinə çevrilir. Qlobal enerji bazarında baş verən dəyişikliklərin fonunda elektrik enerjisinin ixracı ölkənin risklərini azaldır və iqtisadi sabitliyini möhkəmləndirir. Bu tendensiya bərpaolunan enerji əsasında qurulan yeni iqtisadi modelin uzunmüddətli perspektivini daha da güclü göstərir.
Bərpaolunan enerji sektorunun inkişafı yerli sənaye üçün də geniş imkanlar açır. Son illərdə Günəş panellərinin və digər komponentlərin yerli istehsalına dair layihələr ölkənin bu sahədə idxaldan asılılığını azaltmaq niyyətini ortaya qoyur. Gələcəkdə Azərbaycanda yaşıl texnologiyaların istehsalı üzrə kompleq sənaye ekosisteminin formalaşması regional liderliyə doğru atılan mühüm addım olacaq.
Yaşıl enerji layihələrinin həyata keçirilməsi ekoloji nəticələr baxımından da diqqətəlayiqdir. Karbon emissiyalarının azalması, atmosferin təmizlənməsi, ekosistemlərin qorunması Azərbaycanın davamlı inkişaf strategiyasının əsas tələblərinə uyğun gəlir. Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi və iqlim dəyişmələri ilə mübarizə üzrə beynəlxalq gündəliyə uyğunlaşma ölkənin qlobal imicini gücləndirir.
Enerji sahəsində görülən işlər siyasi-strateji müstəvidə də böyük önəm daşıyır. Azərbaycanın enerji diplomatiyası Avropa, Mərkəzi Asiya, Türkiyə və digər tərəfdaşlarla əməkdaşlığın yeni müstəvilərdə genişlənməsinə şərait yaradır. Yaşıl enerji dəhlizlərinin formalaşması yalnız enerji ixracı deyil, həm də ticarət, logistika, nəqliyyat və texnologiya sahələrində qarşılıqlı inteqrasiyanı sürətləndirir.
CESI-nin seçilməsi yeni geoiqtisadi mərhələnin başlanğıcıdır
Yeri gəlmişkən, İtaliyanın "CESI S.p.A." şirkəti beynəlxalq müsabiqənin nəticələrinə əsasən, "Green Corridor Alliance" MMC-nin (Mərkəzi Asiya-Azərbaycan Trans-Xəzər Yaşıl Enerji Dəhlizi) layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini həyata keçirəcək. Bu, həm regional enerji əməkdaşlığı, həm də Azərbaycan üçün strateji əhəmiyyətə malik yeni mərhələnin başlanğıcıdır. Eyni zamanda, bu Xəzər hövzəsində bərpaolunan enerji bazarının institusional şəkildə formalaşması və sistemli infrastruktur dizaynının beynəlxalq mütəxəssislərə həvalə olunması deməkdir. “CESI”nin seçilməsi layihənin texniki keyfiyyətinə verilən prioritetin göstəricisidir. Çünki bu şirkət Avropada və dünyanın müxtəlif ölkələrində yüksək gerilimli xəttlər, transsərhəd enerji inteqrasiyası və genişmiqyaslı bərpaolunan enerji layihələrinin layihələndirilməsi üzrə ən nüfuzlu konsaltinq qurumlarından biridir. Bu qərarın arxasında həm də maliyyə institutlarının – ADB və AİİB-in – ciddi qiymətləndirməsi dayanır. Hazırda TİƏ-nin hazırlanmasının koordinasiyası ADB-yə həvalə olunub, sonrakı mərhələdə isə müqavilələrin birbaşa bağlanması AİİB tərəfindən həyata keçiriləcək. Bu mexanizm göstərir ki, layihə yalnız siyasi razılaşmalara deyil, eyni zamanda, uzunmüddətli maliyyə dayanıqlığına əsaslanır və beynəlxalq banklar tərəfindən yüksək potensiala malik hesab edilir.
2025-ci ilin aprelində üç ölkə arasında TİƏ-nin başlanmasına dair imzalanmış saziş COP29 çərçivəsində qəbul edilən strateji əməkdaşlığın məntiqi davamıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan artıq bərpaolunan enerji istehsalını artırmaq, enerji sistemlərini sinxronlaşdırmaq və genişlənən Avropa bazarının yaşıl enerji tələbinə vahid platforma vasitəsilə çıxış əldə etmək üçün ciddi siyasi iradə ortaya qoyurlar. Bu, Xəzər hövzəsini qlobal yaşıl enerjinin yeni nəqliyyat xəritəsinə daxil edən tarixi addımdır.
Bundan başqa, layihəyə Səudiyyə Ərəbistanının investor qismində maraq göstərməsi onun yalnız regional deyil, həm də qlobal enerji bazarında strateji aktora çevrilməkdə olduğunu göstərir. Səudiyyənin yaşıl enerji sektorunda artan aktivliyi Xəzər dəhlizinin sonrakı maliyyələşmə imkanlarını genişləndirir və layihənin özəl kapital baxımından da cəlbediciliyini artırır.
Bütün prosesin idarə olunması üçün Bakıda yaradılan “Green Corridor Alliance” MMC isə artıq üç ölkənin enerji şirkətlərini vahid masa arxasında toplayan, qərarların koordinasiyasını təmin edən institusional platformadır. Bu struktur layihənin yalnız texniki və maliyyə cəhətdən deyil, həm də idarəçilik baxımından mərkəzləşdirilmiş şəkildə inkişaf etdirilməsinə şərait yaradır. Bakının regional enerji qovşağı statusu da bu yanaşma ilə daha da möhkəmlənir.
Beləliklə, Azərbaycan enerji siyasətində yeni mərhələyə daxil olur və bərpaolunan enerji layihələri bu strategiyanın əsas dayağına çevrilir. Xəzər yaşıl enerji dəhlizi üzrə görülən işlər, beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlıq və qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi Azərbaycanın həm regional, həm də qlobal enerji sistemində mövqeyini gücləndirir.
Nigar Orucova, "İki sahil"