25 noyabr 2025 00:15
80

Orta Dəhliz Avropa ilə Asiyanın iqtisadi əməkdaşlığı üçün unikal layihədir

Onun qlobal əhəmiyyəti Azərbaycanın iqtisadi potensialını yüksəldir

Bu gün Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi  (Ələt  limanı vasitəsilə), Azərbaycan, Gürcüstan üzərindən Avropaya çıxan qısa və sürətli marşrutdur.  Bu dəhliz Avropa və  Mərkəzi Asiya arasında quru bağlantını təmin edən ən əlverişli marşrutdur. Hazırda Orta Dəhlizdən istifadə sürətlə artmaqdadır. Ona görə də ötən həftə Çinin Sian şəhərində keçirilən «Çin–Avropa Dəmir Yolu II Beynəlxalq Əməkdaşlıq Forumu»nda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz strategiyası əsas müzakirə mövzusu oldu. Bu beynəlxalq tədbirdə  Çin Dəmir Yollarının konteyner daşıma şirkəti CRCT Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının ortaq müəssisəsi «Middle Corridor Multimodal Ltd»yə qoşulmaq barədə müqaviləyə imza atdı.

Forumda, həmçinin «Trans- Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Sifarişli İnkişafı üzrə Birgə Təşəbbüs» sənədi imzalanaraq marşrutun rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin yaxşılaşdırılması, infrastruktur yatırımının artırılması və «yaşıl logistika» prinsiplərinin tətbiqi ilə bağlı razılıq da əldə edildi. Ümumilikdə, iştirakçılar Asiya–Avropa ekspres dəmir yolunun səmərəliliyinin artırılmasını, yüklərin həcmcə genişləndirilməsini, müasir logistika sisteminin qurulmasını və multimodal nəqliyyat əlaqələrinin möhkəmləndirilməsini vacib hesab etdilər. İndi Orta Dəhliz üzrə çəkilən maneələrin aradan qaldırılması üçün Bakı limanında yeni intermodal terminallar, Qazaxıstan sərhədində isə dəmir yollarının genişləndirilməsi işləri davam edir. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt) və Qazaxıstanın Aktau (Kuryk) limanlarının tranzit imkanları artırılır.

Məlumdur ki, son 10 ildə Qazaxıstan ilə Çin arasında yük daşımalarının həcmi 4,5 dəfə çoxalaraq rekord səviyyəyə çatıb və 2024-cü ildə 32 milyon tona yaxınlaşıb. Qazaxıstan və Çin arasında yük dövriyyəsinin 2025-ci ildə 35 milyon tona çatacağı proqnozlaşdırılır, bu ilin ötən 10 ayında artıq 29 milyon tonu ötüb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artım qeydə alınıb. Konteyner daşımaları da kəskin artıb: Lianyungang, Xorqos, Si’an kimi logistika qovşaqlarında formalaşan mərkəzlərin sayəsində son 10 ildə konteyner tranziti beş dəfədən çox artaraq 1.4 milyon TEU-nu keçib.

Orta Dəhliz həm də geopolitik baxımdan ona görə əhəmiyyətlidir ki, Şimal-Cənub nəqliyyat dəhlizində Rusiya -Ukrayna müharibəsi ilə əlaqədar ciddi gərginliklər mövcuddur. Bu mənada,  sözügedən layihə Qərb və Asiya arasında sanksiyalardan azad alternativ yol olaraq diqqəti çəkir. Bu marşrutla Avropa bazarlarına çıxan Çin şirkətləri üçün logistik xərclər azalır və çatdırılma vaxtı qısalır. Nəticədə Orta Dəhliz layihəsinin təşviqi Avrasiya logistika inteqrasiyasına təkan verir, qitələrarası ticarəti və investisiyaların həcmini genşləndirir.

Hazırda Azərbaycan Orta Dəhlizdə mərkəzi tranzit ölkə rolundadır. Yəni, Bakı-Tbilisi-Qars ( BTQ) dəmir yolunun reabilitasiyası və gücləndirilməsi sayəsində BTQ-nin ötürücülük qabiliyyəti 2019-cu ildə təxminən 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu da ixrac-idxal həcmini artırmaqla Azərbaycana yeni tranzit yüklər cəlb edir və ərazisinin strateji rolunu gücləndirir. Həmçinin Azərbaycan Xəzər dənizi vasitəsilə Türkiyə və Mərkəzi Asiya arasında quru körpü  rolunu  artırır.

Bu gün ölkəmizin nəqliyyat-loqistika sahəsində geniş quruculuq və müasirləşmə işləri davam edir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkşaf planına əsasən, ilk mərhələdə ümumi yük dövriyyəsi 15 milyon tona və konteyner tutumu 100 min TEU-ya yüksəldilib. İkinci mərhələnin tamamlanmasından sonra bu göstəricilər müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya çatacaq. Xüsusilə, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Çin üçtərəfli investisiya şirkəti quraraq Bakı (Ələt) limanında 40 hektarlıq intermodal terminal inşasına başladılar. Bu terminal konteyner tutumunu artıraraq Çin–Avropa marşrutunda konteyner qatarlarının həcmcə genişlənməsinə, xərclərin azalmasına və yüklərin yenidən yüklənmə müddətinin qısaldılmasına xidmət edəcək.

Digər diqqətçəkən  məqam Azərbaycan hökumətinin nəqliyyat-logistika infrastrukturuna yatırım üçün xarici sərmayələrin  açıq olmasıdır. Son dövrlərdə  Azərbaycan Dəmir  Yolları (ADY) və «Port of Baku» rəhbərliyi ilə Çin «Xian Free Trade Port» və Qazaxıstan Dəmir Yolları ilə çoxsaylı görüşlər keçirilmiş, yeni layihələr müzakirə olunmuşdur. Rəqəmsal informasiya sistemlərinin tətbiqi, tariflərin harmonizasiyası və “yaşıl logistika” təşəbbüsləri Azərbaycanın digər ölkələrlə birgə strateji layihələrdə prinsipial olaraq vurğulanır. Bütün bu tədbirlər Azərbaycanın Avrasiya nəqliyyat şəbəkəsinin mərkəzi hissəsi kimi etibarını və investisiya potensialını artırır.

Bəli bu gün Azərbaycanla Çin kimi fövqəlgüc bir ölkənin  əməkdaşlığı güclənir. Azərbaycan Dəmir Yolları (ADY) rəhbərliyi bildirir ki, Çin Azərbaycanın strateji ticarət tərəfdaşı olmaqla yanaşı, etibarlı logistika müttəfiqidir və ortaq multimodal layihələr bütün regionda yolların diversifikasiyasına və yüklərin artımına xidmət edir. Ticarət həcmləri ilə yanaşı, nəqliyyat axınlarında da artım müşahidə olunur. Qeyd edək ki, bu ilin yanvar-oktyabrında Azərbaycan dəmir yolu ilə 6 milyon tondan çox beynəlxalq yük daşınmışdır. Azərbaycan-Qazaxıstan münasibətləri çərçivəsində Orta Dəhliz layihələrinə sərmayə qoyuluşu artmaqdadır. Bu, qarşılıqlı ticarət həcminin genişlənməsi ilə də müşayiət edilir. Məsələn, bu ilin 3 rübündə Azərbaycan Qazaxıstan bazarından buğda idxalını əhəmiyyətli dərəcədə artırmışdır. Həmçinin iki ölkə yeni yük tranzit imkanlarını gələcəkdə Zəngəzur dəhlizi kimi infrastruktur layihələri ilə prioritetləşdirir.

Ümumiyyətlə, ölkəmizdə imanların, dəmir yollarının və multimodal terminal infrastrukturlarının genişlənməsi, habelə Qazaxıstan və Çinin birgə nəqliyyat layihələri ölkəmizin qlobal ticarət marşrutunda rolunu artırır. Bu amillər Azərbaycanın iqtisadi potensialını yüksəldir, xarici sərmayəni cəlb edir və Orta Dəhliz marşrutunun regional əhəmiyyətini gücləndirir.

Elçin Zaman, «İki sahil»