24 noyabr 2025 20:25
84

Yaxın vaxtlarda Kəlbəcər Şəhəri Gününü ən müasir əviyyədə yenidən qu­rulmuş Kəlbəcərdə qeyd edəcəyik!..

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən Ermənistan ordusunun hissələri və Ermənistana tabe olan silahlı qüvvələr Kəlbəcəri, eləcə də Ağdamı və Laçını döyüşsüz tərk etməli idi.

Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Hələ işğala kimi Ermənistan Kəlbə­cərdə Ağdaban, Başlıbel faciələrini törətmişdi. Təkcə Kəlbəcərin çıxışındakı tuneldə onlarla uşaq, qa­dın, qoca qətlə yetirilmişdi. Bu işğal nəticəsində 511 nəfər öldürül­müşdü, 321nəfər əsir düş­müşdü.

Ermənistan müharibəaparma qanunalrına əməl etmədən müharibə aparıırdı. BMT Təhlü­kə­sizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsinə əməl etməyən Ermənistan 1999-cu ildən Kəlbəcər rayonu ərazisində erməniləri məskunlaşdırmağa başlamışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Vətən müharibə­si­nin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüv­vələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksək­likləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bil­mədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkət­lə­rini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Düşmənin Kəlbəcəri döyüşsüz tərk edən qüvvələri evləri yandırır, talayır,  dağıdırdı. Bu, er­mə­nilik xisləti idi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyekt­lərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Məğlub Ermənistan bu cinayətləri törətsə də dünya birliyi bu işğalçı dövləti siyasi baxımdan ciddi qınamadı. Müha­ri­bəyə başlayanda da, müharibə aparanda da, Azərbaycanın ərazilərində böyük təxribatlar, fa­ciə­lər törədəndə də belə olmuşdu…

Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin sərəncamları ilə Kəlbəcər ra­yonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş 10 minə yaxın hərbi qul­luq­çu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub…

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də im­za­ladığı Sərəncam ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən şəhərin mərkəzi orta mərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda fərdi yaşayış evləri ti­ki­ləcək. Şəhərin ümumi yaşayış fondu 488 min kvadrat metr (böyük hissəsi fərdi yaşayış evləri) olacaq.

Şəhərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər mu­zey­lərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydança­la­rının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Baş Plana uyğun olaraq şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə quru­la­caq…

Uzunluğu 27 kilometrdən çox olan avtomobil, 22 km olan velosiped yolları da yaradılacaq.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilo­met­rini Kəlbəcər-İstisu hissəsi təşkil edir.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviy­yə­sindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyudur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mi­ne­ral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxmi­nən 100 nəfər işlə təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə 7 səfəri zama­nı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometr uzun­lu­ğunda tunelin təməlqoyma mərasimi keçirilib, Kəlbəcər Rəqəmsal İdarəetmə Mər­kə­zinin təməli qoyulub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, “Qamışlı” Kiçik Su Elek­trik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və s. açılışları olub …

Kəlbəcər Şəhəri Günü Kəlbəcərin sabahlarına göstərilən qayğının ilkin təzahürlərin­dəndir. Kəlbəcər də ən müasir şəhərsalma tələbləri səviyyəsində yenidən qurulur və bu proses uğurla başa catacaq. Yaxın vaxtlarda Kəlbəcər Şəhəri Gününü ən müasir səviyyədə yenidən qu­rulmuş Kəlbəcərdə qeyd edəcəyik!..

Səbinə Xasayeva,
Milli Məclisin deputatı