25 noyabr 2025 08:14
602

Rebekka Leppard: Azərbaycanlı qadının Londonda yaşıl enerji startapı qurması çox ilhamvericidir

Londonda fəaliyyət göstərən və qadınların texnologiya sahəsindəki startaplarına məsləhətçilik edən “Upgrading Women” təşkilatının rəhbəri Rebekka Leppard azərbaycanlı startapçı Fidan Cavadovanın fəaliyyətini yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında bildirib ki, “BeWorks Automation” startapının qurucusu olan Fidan hazırda elektromobillər üçün doldurma qurğuları infrastrukturunun yaradılması üzərində çalışır və bu prosesi cəmiyyətin müxtəlif qruplarının ehtiyaclarını nəzərə alaraq həyata keçirir.

“Texnologiya və mühəndislik məhsulları dizayn edərkən yalnız bir müştəri seqmentini deyil, ətraf icmanı da düşünmək lazımdır. Fidanın müxtəlif sürücülərlə danışaraq onların ehtiyaclarını ilkin mərhələdən öyrənməsi çox təqdirəlayiqdir. Bu, əsl inklüziv yanaşma nümunəsidir”, – deyə Leppard vurğulayıb.

O əlavə edib ki, Fidanın hazırladığı həllər yalnız bu günün deyil, gələcək şəhərlərin və yaşıl enerji ekosisteminin ehtiyaclarına uyğunlaşdırılıb: “Əhali yaşlandıqca, daha çox insan müxtəlif qabiliyyətlərlə yaşayanda və neyro-müxtəliflik artanda belə yanaşmalar həlledici olacaq. Azərbaycanlı qadının belə bir startap ideyası ilə çıxış etməsi çox ilhamvericidir”.

R. Leppard Londonun yaşıl enerji sahəsində rəqabətli mühitinə baxmayaraq, Fidanın yaratdığı həllin unikal olduğunu deyib: “Bu sahədə Fidanın demək olar rəqibi yoxdur. Mən onu üç ildir izləyirəm və əminəm ki, böyük işlər görəcək. “BeWorks” bu həlləri təkcə Londonda deyil, ətraf şəhərlərdə də pilot layihə kimi tətbiq etdikcə, həm Britaniya, həm də dünya üzrə inklüziv şarj infrastrukturu üçün nümunəvi bir modelə çevrilə bilər”.