25 noyabr 2025 13:02
85

BP: Xəzərin gələcəyi neft-qaz sənayesinin dəyişmək qabiliyyətindən asılıdır

Neft-qaz sənayesi uzunmüddətli perspektivdə artan texniki və təşkilati çağırışlar şəraitində rəqabətqabiliyyətini qorumaq üçün ənənəvi yanaşmaları yenidən nəzərdən keçirməli və yeni iş modelləri tətbiq etməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən "Xəzər Texniki Konfransında SPE-2025"də bildirib.

Onun sözlərinə görə, Xəzər regionu təsirli infrastruktura və güclü kadr potensialına malikdir: "Regionumuzda texniklər, mühəndislər, kommersiya mütəxəssisləri daxil olmaqla əla işçi qüvvəmiz var. Çox sayda insan sənayemizdə çalışmaq, öyrənmək və innovasiyalar tətbiq etmək istəyir. Bu, gələcək üçün güclü təməldir. Bundan əlavə, tərəfdaşlıq ənənəsi, ilk növbədə sənayenin inkişafını fəal şəkildə dəstəkləyən və kapital axınını stimullaşdıran hökumətlə tərəfdaşlıq mühüm rol oynayır. Belə bir biznes mühiti hər yerdə mövcud deyil və bu, regionu unikal edir".

C.Kristofoli vurğulayıb ki, BP və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədi regionun inkişafı və bütün tədarük zənciri boyunca əməkdaşlığın gücləndirilməsidir: "Xəzər regionunda unikal, sehrli bir komponent var - güclü tərəfdaşlıqlar yaratmaq qabiliyyəti. Lakin əsas çağırış təfəkkürdür. Biz sənayeni növbəti 30-50 il ərzində son 30 ildə etdiyimiz kimi inkişaf etdirə bilmərik. Yanaşmalarımızı dəyişməliyik. Texniki tapşırıqlar daha mürəkkəbləşir, təchizat zəncirləri daha dolaşıq olur. Buna görə də əvvəlki modelləri təkrarlamamaq və yeni reallıqlara uyğunlaşmaq vacibdir".