25 noyabr 2025 13:37
74

AÇG-də 2 milyard bareldən çox əlavə hasilat hədəflənir

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günışli" (AÇG) yataqlar blokunda 2 milyard bareldən çox əlavə hasilat hədəflənir.

“İki sahil” xəbər verir ki, bunu BP şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynov Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı"nda bildirib.

Onun sözlərinə görə, AÇG-nin gələcək hasilat potensialını artırmaq üçün kompleks yenilənmə və yeni texnologiyaların tətbiqi davam etdirilir: "Hazırda həyata keçirdiyimiz proqram nəticəsində AÇG yatağından 2 milyard bareldən artıq əlavə hasilat potensialı əldə etmək mümkündür. Layların daha dərin təbəqələrə qədər işlənməsi, injeksiya sistemlərinin optimallaşdırılması və yeni quyuların qazılması bu hədəfə çatmaqda əsas rol oynayır".

BP nümayəndəsi bildirib ki, yataqda dərin və aşağı yerləşən təbəqələrin istismara verilməsi genişləndirilib və su-qaz vurulmasının səmərəliliyi artırılıb: "Bu, hasilatın uzunmüddətli sabitliyini təmin edir. Yatağın statik və dinamik modelləşdirilməsi daha da təkmilləşdirilib. 700-dən çox quyudan toplanmış məlumatlar və 16 min metrdən artıq DTS nəticələri mürəkkəb layların dəqiq xəritələndirilməsinə imkan verib".

Ə. Hüseynov əlavə edib ki, AÇG-də son illərdə 20-dən çox yeni injeksiya quyusu işə salınıb və bunun nəticəsində təqribən 300 min barel əlavə hasilat potensialı yaranıb.

BP rəsmisi həmçinin qeyd edib ki, rəqəmsal idarəetmə, yeni qazma alətləri və avtomatlaşdırılmış əməliyyatlar AÇG-də hasilat prosesini daha səmərəli edir.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,925 %) pay sahibidir.