25 noyabr 2025 14:31
91

BP: AÇG-də çıxarıla bilən ehtiyatların yarısı hasil olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda indiyə qədər çıxarıla bilən ehtiyatların təxminən yarısı hasil olunub.

“İki sahil” xəbər verir ki, bunu BP şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı-2025"də deyib.

Onun sözlərinə görə, BP tərəfdaşlığının əsas məqsədlərindən biri yataqda hasilatın azalmasının qarşısını almaqdır: "Azalma tendensiyasını dəyişdirmək üçün bir sıra investisiyaları xüsusi vurğulamaq istərdim. Xəzər hövzəsində həyata keçirdiyimiz ən böyük seysmik yatırım buna misaldır. İki il əvvəl başladığımız bu beşillik proqram rezervuarların daha dəqiq anlaşılması, statik xüsusiyyətlərin və xüsusilə ikinci dərəcəli rezervuarların dinamik performansının xəritələşdirilməsi üçün nəzərdə tutulub. AÇG hələ də böyük potensiala malikdir və çıxarıla bilən ehtiyatların yarısına çatmışıq. Bu yataqdan əldə ediləcək çox şey var", - o bildirib.

Ə.Hüseynov qeyd edib ki, qlobal miqyasda bir neçə sahə istisna olmaqla, neft sənayesində dəyərin böyük hissəsi baza hasilatından formalaşır:

"AÇG-də dəyərin 95 %-i məhz baza hasilatı ilə bağlıdır. Buna görə də hasilat quyularının injeksiya tutumu ilə kifayət qədər dəstəklənməsi son dərəcə vacibdir", - deyə o vurğulayıb.

BP rəsmisi əlavə edib ki, Xəzərdə quyuların qazılması çətin prosesdir: "Üfüqi quyuların qazılması bu sahədə indiyədək əldə etdiyimiz ən mühüm irəliləyişlərdəndir. Hesablamalarımıza görə, tükənən rezervuarlar və azalmaqda olan sahə şəraitində hasilatı sabit saxlamaq üçün hər il 30 % daha çox rezervuara çıxış əldə etməliyik. Təsəvvür edin, platformalar məhduddur, çata biləcəyiniz quyu sayı məhduddur, amma daha çox rezervuara çıxış lazımdır. Bu baxımdan üfüqi və çoxşaxəli quyular hasilat hədəflərinin icrasında həlledici rol oynayıb", - Ə.Hüseynov əlavə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.