Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində onu da qeyd etdi ki, Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər
“Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.” Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində onu da qeyd etdi ki, regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost, qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.
Azərbaycanın xarici siyasətində Türk dünyasının birliyi prioritet məsələ kimi öndədir. Tarixi Zəfərimizdən sonra bu birlik, həmrəylik günümüzün daha mühüm çağırışına çevrildi. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə bu birliyin möhkəmləndirilməsinə böyük zərurət var. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyası böyük bir ailədir. Bu çağırış da səsləndirilir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Türk dünyasının möhkəmlənən birliyini türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərində də aydln şəkildə görürük. Birliyini gələcəyində əsas faktorlardan biri imzalanan sənədlərdir. Onu da qeyd edək ki, bu ilin oktyabr ayında Qəbələ şəhərinin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü, eyni zamanda, noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Türk düyasının təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarın qəbul edilməsi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafına verdiyi töhfələrin təsdiqi oldu. Həmin görüşdə əminliklə qeyd edildi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Dövlət başçısı İlham Əliyev istər Qəbələ Zirvə görüşündə, istərsə də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Türk dünyasının birliyini təsdiqləyən amillərə diqqəti yönəltdi. Bildirdi ki, bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız xalqlarının hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyuldu. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi Azərbaycan xalqının yaddaşında qalacaq.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Türk Dövlətləri Təşkilatının gələcəyinə böyük əminliyini ifadə edir. Azərbaycanın və qardaş Türkiyənin bu birliyə verdikləri töhfələr dacvamlıdır və qurumun üzvləri tərəfindən yüksək dəyərləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Hər bir tədbir keçilən yolun təhlilini daim bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu hazırda ölkə mətbuatında geniş təhlil edilir. Tarixə qısa nəzər salaq. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O vaxt Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişləndi, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var.
Azərbaycan Türk Şurasına sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi dövrə təsadüf edən sədrlik müddətimiz Azərbaycanın mühüm təşəbbüsləri, qərarları, atdığı addımları ilə diqqətdə oldu. Azərbaycanın təşkilatın beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar təqdir edilir. Dünya hər zaman Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun timsalında Türk dünyasının birliyinin şahidi olur. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına töhfələri böyükdür. Dövlət başçısı İlham Əliyev ötən il ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu reallığı diqqətə çatdırmışdır ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, ərazidir, hərbi gücdür, iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə tarixi Zəfərimizin beşinci ildönümünə həsr edilən Hərbi paradda iştirakı ilə diqqəti ümumilikdə Türk dünyasının həmrəyliyinə yönəltdi. Belə ki, paraddakı çıxışında «Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik» söyləyən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk: «Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm.»
Onu da qeyd edək ki, hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, iştirakçı ölkələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın atdığı hər addımında ədalətə və beynəlxalq hüquqa söykənməsi, dünyaya bununla bağlı çağırışlar etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində bir daha bildirdi ki, bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq.
Cənab İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. 2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər. Belə bir əminlik də ifadə olundu ki, Forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Qeyd edək ki, noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı oldu. Forumun açılış mərasimində Türk dövlətləri arasında mövcud tarixi bağlılıq, ortaq dəyərlər və sıx əməkdaşlıq münasibətlərini əks etdirən, bu əlaqələrin inkişaf yolunu və perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olundu. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir. Bakıda başlayan və Naxçıvanda davam edəcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu Türk dünyasında vətəndaş cəmiyyəti əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir.
Ölkəmizdə QHT sektorunda həyata keçirilən islahatlar, qlobal və regional əməkdaşlıq təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının fəallaşması türk dövlətləri ailəsi üçün model kimi qəbul olunur. Forumun keçirilməsi, xüsusilə də yeni QHT Platformasının yaradılması türk dövlətləri arasında ictimai diplomatiyanın güclənməsinə, müştərək dəyərlərin daha səmərəli şəkildə təbliğinə və gələcək birgə təşəbbüslərin koordinasiyasına geniş imkanlar açır. Azərbaycanın təşəbbüsü ilə start verilən bu proses həm regionun ictimai-siyasi gündəliyinə, həm də Türk dünyasının uzunmüddətli birliyinə mühüm töhfədir. Forum noyabrın 26-da işini başa çatdıracaq. Təbii ki, hər bir tədbirin əhəmiyyətinin təsdiqləyən və ictimaiyyətə təqdim edən əsas faktor sonda qəbul edilən sənəd olur. Azərbaycanın bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi zəngin təcrübəsinin, təkmil inkişaf modelinin göstəricisidir.
Yeganə Əliyeva, “İki sahil”