25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin 30 illik yubileyinə həsr olunmuş “Əbədiyyətə Qovuşan Ömür” adlı xatirə gecəsi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin açılışını Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı edib. O, tədbir iştirakçılarını salamlayaraq Zaur İsmayılzadənin qısa, lakin şərəfli ömür yolundan, Vətən uğrunda göstərdiyi igidlikdən danışıb və qeyd edib ki, bu cür qəhrəmanların adı xalqın yaddaşında əbədi yaşayır. Açılış nitqindən sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə davam etdirilib.
Şəhidin anası Sevil Hüseynova, eyni zamanda I Qarabağ müharibəsi veteranı, tədbirdə duyğulu çıxış edərək övladının Vətən yolunda göstərdiyi fədakarlıqlardan bəhs edib. anası Sevil Hüseynova çıxış edərək övladının keçdiyi şərəfli döyüş yolunu, onun Vətənə olan sevgisini və fədakarlığını qürurla xatırladıb. Zaur hərbçi ailəsində böyüyüb və uşaqlıqdan Vətənə xidmət etmək kimi ali bir amal ilə tərbiyə olunub.
Daha sonra bəstəkar müğənni Ruslan Səfəroğlu tərəfindən şəhid Zaur İsmayılzadəyə ithaf edilən musiqi nömrəsi səsləndirilib. Tədbirdə Sazın, Sözün Butası təşkilatının sədri, Gürcüstanın “Şərəf” ordenli şairi Səadət Buta, Xətai Rayon Ağsaqqallar Şurasının sədri və şəhid atası Mürvət Əsgərov, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri, şəhid anası Ceyran ana, Əməkdar Mədəniyyət işçisi, müğənni, aşıq Solmaz Kosayeva, vətənpərvər jurnalist, yazıçı, şəhid Zaur İsmayılzadə həsr olunmuş "Burğa tələsi" kitabının müəllifi Ötərxan Eltac, 1- ci Qarabağ müharibəsinin qanlı tarixinin canlı şahidi, şair Aidə Şirinova və digər çıxışçılar Zaur İsmayılzadənin döyüş yolundan, gənclik üçün örnək olan mübarizə və vətənpərvərlik əzmkarlığından söz açıblar. Tədbirdə rejissor Nail Naiblinin şəhid Zaur İsmayılzadə üçün hazırladığı xüsusi videoçarx nümayiş etdirilib. Videoçarxın ardınca “Əbədi Tədbirlər Birliyi”nin rəhbəri Polad Ağa İbrahimov tərəfindən hazırlanmış 20 dəqiqəlik səhnə tamaşası təqdim olunub. Tamaşa Zaurun həyatı, ailəsi, döyüş yolunu əks etdirərək salonda duyğulu anlar yaşadıb.
Gecə boyu müxtəlif musiqi nömrələri ilə çıxış edən bəstəkar-müğənni Arif Mehmandost, müğənnilər Yusif Sadıqov, İnci Şirvanlı, Tahirə Yusifzadə və Taleh Zəngilanlı şəhidin əziz xatirəsinə həsr olunmuş ifaları ilə tamaşaçılarda xüsusi ovqat yaradıblar. Tədbir bir daha göstərdi ki, Vətən uğrunda canını fəda edən Zaur İsmayılzadə kimi qəhrəmanlar Azərbaycan xalqının qəlbində əbədi yaşayır və onların əziz xatirəsi heç zaman unudulmayacaq.
BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisi açılıb