“Bu sığorta ödənişinə görə dövlətimizə və xüsusən də Aqrar Sığorta Agentliyinin yaradılmasına görə ölkə Prezidentinə təşəkkür edirəm”.
"İki sahil"in Xaçmaza ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Trek Service Engineering” MMC-nin baş aqranomu Kazım Cəlilov jurnalistlərə açıqlamasında deyib.

Baş aqranom bildirib ki, bizim təsərrüfatı sel basdı, ağır vəziyyət yaranmışdı: "Əgər sığortalanmasaydıq, heç nə əldə edə bilməzdik. Bağı salmaq, ərsəyə gətirmək böyük xərc tələb edir. Dərmanıdır, fəhlə haqqı ödənilir və digər xərclər. Ona görə də bu proses bizim üçün çox uğurludur, çox razıyıq. Subasma Ağ Çayın daşması nəticəsində baş vermişdi. Su sahələrdə dayanmışdı və hər yeri lilləmişdi. Ağaclar çox pis vəziyyətdə idi. Bizim 6 - 7 illik badam bağımız var, normalda 100 tondan yuxarı məhsul götürməli idik, amma sel nəticəsində cəmi 19 ton məhsul götürə bildik. Su ağacları stressə saldı, lil dibini bağladı, oksigen qəbul etmədi, meyvələr töküldü. Yəni, iki tərəfli böyük ziyan oldu."

K.Cəlilov məlumat verdi ki, ümumilikdə 27 hektar bağımız var: "15 hektar badam, 4 hektara yaxın armud, 5,5 hektar nektarin və 3 hektar heyva bağı. Bu dəfə təkcə badam bağını sığortalamışdıq. Gələn il qalanlarını da sığortalamağı düşünürük. Fermerlərə tövsiyəm odur ki, mütləq təsərrüfatlarını sığortalansınlar. Heç kim bilmir, təbii fəlakət hansı gün nə edəcək. Biz sığortalı olmasaydıq, təsərrüfatı maliyyə baxımından idarə edə bilməzdik. Sığorta olmağı bizi xilas etdi. Təxminən 200 min manat ödənildi, zərərin böyük
hissəsi qarşılandı. Mən hər kəsə tövsiyə edirəm ki, təsərrüfatlarını əvvəlcədən sığortalasınlar və özlərini qoruma altına alsınlar”.
Orxan Vahidoğlu, "İki sahil"