Sosial şəbəkələr milli kimliyin ötürülməsində əsas rol oynayır.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Prezidenti administrasiyası yanında KİV üçün kontent istehsalı Mərkəzinin şöbə müdiri Tohir Umarov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumunda bildirib.
Onun sözlərinə görə, milli kontent yaradarkən ilk növbədə hansı auditoriyanın əhatə olunduğunu müəyyən etmək vacibdir.
"Sosial şəbəkələr təcrübə mübadiləsi üçün böyük perspektivlər açır. Biz media-turlar təşkil edərək jurnalistlərimizi Azərbaycana və digər ölkələrə göndərdik, həmçinin xarici jurnalistləri qəbul etdik", - T.Umarov qeyd edib.
O vurğulayıb ki, sosial şəbəkələr vasitəsilə milli mədəniyyət elementlərinin yayılmasında təkcə jurnalistlər deyil, həm də turistlər və blogerlər mühüm rol oynayırlar.
Umarovun sözlərinə görə, lakin bütün mədəniyyəti tam şəkildə ötürmək mümkün deyil: "Bu gün biz məlumatın qısa və operativ olmalı olduğu bir reallıqda yaşayırıq, gənclər üç-beş saniyəlik olan formatlara öyrəşiblər".
O, həmçinin əlavə edib ki, TDT üzv ölkələri haqqında kontent təkcə ənənəvi KİV-də deyil, bütün rəqəmsal platformalarda maksimum geniş işıqlandırılmalıdır: "Buna əməkdaşlıq, ikitərəfli mübadilələr, sponsorların və blogerlərin iştirakı ilə nail olmaq mümkündür".