28 noyabr 2025 09:32
71

İndi qurub-yaratmaq vaxtıdır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, quruculuq-abadlıq işlərini gücləndirən xalqın iradəsi, dəstəyidir

«Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.» Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 28 May- Müstəqillik Günündə doğma yurd-yuvasına qovuşan laçınlılara görüşündə 2011-ci il dekabrın 24-də ad günündə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla görüşünü xatırladaraq bildirmişdir ki, o görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və buna nail olacağıq.

Tarixi Zəfərimizdən ötən beş ildə gündəmin əsas mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləridir. Çünki Böyük Qayıdışı tam tərkibdə səbirsizliklə gözləyirik. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə dayanıqlı inkişafımıza geniş imkanlar yaranacaq. Azərbaycan hər zaman ilklərə imza atması ilə diqqətdə olur. Son beş ildə ölkəmizin bu yenilikləri sırasında işğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində bərpasını qeyd edirik. Zəngilan rayonunda «ağıllı kənd» layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi 2022-ci ildə sakinlərini qarşıladı. Bu mühüm hadisəni Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bildirdi ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi ki, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında» Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir. Ölkə Prezident onu da qeyd edir ki, əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Bu gün qürurla qeyd edirik ki, Qarbağımız və Şərqi Zəngəzurumuz şəhərsalmanın Azərbaycanın təcrübəsini dünyaya təqdim edir. Həmçinin son beş ildə bu ərazilərimiz beynəlxalq tədbirlər üçün ideal məkan kimi seçilir. Bu sırada Şuşada, Xankəndidə, Laçında. Ağdamda və Zəngilanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirləri qeyd edə bilərik. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə Görüşü və sair bu ərazilərimizin malik olduğu imkanların dünyaya təqdimatı oldu. Reallıq budur ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son beş il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. «Yaşıl enerji» zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada «ağıllı şəhər», «ağıllı kənd» kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində artıq 50 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Bu gün Laçının həyatında başlanan yeni dövrdən səbəbsiz bəhs etmirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci ilin 20 noyabr tarixində Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın Azərbaycana qaytarıldı.

Digər azad edilmiş ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünə qədəm qoydu. Bu torpaqdda görülən işlərin miqyasının böyüklüyü 2023-cü ildə Laçın şəhərinin doğma sakinlərinə qovuşmasında aydın ifadəsini tapdı. 2022-ci il avqustun 26-da isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqına bu müjdəni çatdırdı: «Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”»

Dövlət başçısı İlham Əliyev 2022-ci ilin sentyabrında Laçın rayonuna səfər etdi. Bu səfər Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Cənab İlham Əliyev həmin səfər zamanı çıxışında bu çağırışı etmişdir ki, indi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq!

Qeyd edək ki, doğma sakinlərinə qovuşan Laçın şəhəri ilə yanaşı, rayonun Sus, Zabux və digər kəndləri də var. Soydaşlarımızın bu ərazilərdə rahat yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. 2025-ci il Laçın rayonunun həyatında əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə Görüşü keçirildi. Həmçinin Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liderlərin Zirvə Görüşündə «Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm» söyləyərək onu da qeyd etdi ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə vurğuladı ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir.

Qeyd edək ki, həmin gün Laçın şəhərində Müstəqillik Gününə həsr edilmiş tədbir də keçirildi. Azərbaycan, Türkiyə və Pakistan liderləri tədbirdə iştirak etdilər. Cənab İlham Əliyev bayram tədbirindəki çıxışında bir daha bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə Görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. O da vurğulandı ki, iizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərir. Azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri daim mühüm sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan Laçın rayonuna səfərlər də diqqətdən kənarda qalmır. İşğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan əsasında bərpa edilir. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi diqqət mərkəzindədir. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar.

Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana da qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyərək bu reallığı da diqqətə çatdırır ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.»

Tarix faktlara əsaslanır. Ən əsası təbliğat real həqiqətlərə, tarixi faktlara söykənəndə daha uzunömürlü və inandırıcı olur. Bu gün Azərbaycan Qərbi Azərbaycana qayıdışı tarixi faktlara əsaslanaraq tarixi ədalətin bərpası fonunda bəyan edir. Çoxəsrlik tariximizi vərəqlədikcə bu reallıqlar öz təsdiqini tapır ki, erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat olduğunu dünyaya təqdim edən faktlar, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, döyülən və əzilən» xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı. Tarixi vərəqləməklə bu qətliama qədər azərbaycanlıların və türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olar, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir prinsipə çevirən ermənilərə «gözün üstə qarşın var» deyilməməsindən təəssüf hissi keçiririk. Aparılan araşdırmalar nəticəsində erməni vəhşiliyini təsdiqləyən çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Saxta tarix yazıb, illərdir dünyanı özlərinin də inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinə şahidlik edir. 30 il işğal altında saxladıqları bu ərazilərimizdə törədilən vəhşiliklər dünyanın gözü qarşısındadır. Tez-tez diplomatlar, səyyahlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri bu torpaqlarda olurlar. Onlar gördükləri mənzərələrdən dəhşətə gəlirlər. Əgər bu torpaqlar ermənilərin və onların havadarlarının apardıqları yalan təbliğata uyğun olaraq mənfur düşmənə aid olsaydı bu vəziyyətə salınmazdı. Ermənilər bu ərazilərdə bir daşı daş üstə qoymayıblar. Azərbaycan xalqının izini bu ərazilərdən silmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Yenə də unudublar ki, bu yanlış düşüncələri ilə tarixi inkar etmək imkanında deyillər. Gec-tez ədalət zəfər çalır. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla həm gücünü, qüdrətini nümayiş etdirdi, həm də ədalətin, beynəlxalq hüququn mövcudluğunu sübut etdi.

30 illik işğal dövründə Qarabağ münaqişəsindən bəhs edərkən cənab İlham Əliyev daim bu çağırışı edirdi ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: «Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Hadisələrin gedişindən, tarixi faktlara əsaslanan təbliğatımızın sürətindən, görülən işlərin miqyasının genişliyindən də göründüyü kimi, artıq hədəfə doğru addımlayırıq. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Növbəti hədəfimizə diqqət yönəltməyimiz təbii ki, səbəbsiz deyil. Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpasının reallıqları fonunda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın qayıdışı artıq tarixi ədalətə söykənən növbəti hədəfimizdən də bəhs etməyi bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Qərbi Azərbaycana qadyıdışımızdan böyük əminliklə bəhs edir. Biz Qərbi Azərbaycana qayıdacağıq!

Yeganə Əliyeva, «İki sahil»