28 noyabr 2025 10:54
106

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 15 milyon dollara çatıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 14,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 3,2 faiz azdır.

“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon dollar dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,9 milyon dollar ilə Birləşmiş Krallıq, 2,9 milyon dollar ilə Lüksemburq, 904,8 min dollar ilə İsveç, 696,7 min dollar ilə Türkiyə, 695,4 min dollar ilə Nigeriya qərarlaşıb.