28 noyabr 2025 10:47
123

Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu təşkil olunub. Tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması  məqsədilə keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Havalimanında gömrük işinin təşkilini əyani şəkidə izləyiblər.

Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “yaşıl kanal”, “qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.

Orxan Vahidoğlu, "İki sahil"