Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.
Dövlətimizin başçısının çıxışı həm də Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyətinin mühüm tezisləri rolunda çıxış edirdi. Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri “dənizdən-dənizə” böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar. Hazırda erməni məkrinin, vandalizminin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Son illər Qərbi Azərbaycan İcması bu istiqamətdə ciddi addımlar atıb, məqsədyönlü işlər görüb. Dövlətimizin başçısının tapşırığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” qəbul edilib. Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsini özündə ehtiva edir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edib.
Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.
Bu gün ölkəmizin başçısının milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.
Ölkə başçısının uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan etməkdədir.
Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaları onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Qeyd edilməlidir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar da yer alır. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmalarına şərait yaratmaq tələb olunur.
Qərbi Azərbaycan ərazi deyil, insan hüquqları məsələsidir. Qayıdış ideyası Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə yox, əksinə, bu münasibətlərin etibarlılığının möhkəmlənməsinə xidmət edir.
Zahid Rza, “İki sahil”