29 noyabr 2025 01:29
61

Avrasiyanın strateji “körpüsü”

Ölkəmiz artıq regional logistika və nəqliyyat mərkəzi statusunu daha da möhkəmləndirib

Azərbaycan Orta Dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini açmaqla Avropa bazarlarına birbaşa çıxış əldə etmiş, Asiyadan gələn yüklərin böyük hissəsinin ölkəmiz üzərindən Avropaya daşınmasına imkan yaratmışdı. Orta Dəhliz layihəsi geostrateji reallıqlar baxımından Avropa ilə Asiya qitələrini birləşdirən ən qısa, təhlükəsiz, ucuz və rahat quru nəqliyyat marşrutudur. Zəngəzur dəhlizi xətti də - başqa adı ilə TRIPP (The Trump Route for International Peace and Prosperity)  - Orta Dəhlizin ayrılmaz parçasıdır. Bu dəhlizi Çindən başlayaraq Mərkəzi Asiyanı Xəzər regionu, Azərbaycan, Ermənistan, Azərbaycanın dilbər guşəsi Naxçıvandan Türkiyəyə keçməklə Avropa ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik geniş dəmiryol şəbəkəli dəhlizə çevriləcək. Bu dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları bir-biri ilə birləşdirəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq, Orta Asiya türk dövlətlərini və Azərbaycanı uzun illərdən sonra quru yolla strateji və iqtisadi baxımdan Türkiyə Respublikası ilə əlaqə yaradacaq. Dəhliz, həmçinin bütün regional ticarətə müsbət təsir edəcək, Çindən başlayıb Böyük Britaniyaya, Pekindən başlayıb Londona kimi onlarla  dövlət arasında ticarət əlaqələrinin genişlənməsinə yardımçı olacaq.

Məlumdur ki, bu gün dünya ticarətinin təxminən 80 faizi su nəqliyyatı vasitələri ilə daşınır. Çindən Avropaya daşınan yüklər okeanlar vasitəsilə iki aya, bugünkü siyasi məsələlər olmasa, Trans-Sibir marşrutu ilə bir aya, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu (bəzən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də deyilir) vasitəsi ilə isə 12-14 günə ünvanına çatdırılır. “Zəngəzur dəhlizi strateji layihədir” deyən Prezident İlham Əliyev vurğulayıb  ki, bu dəhlizin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”. Azərbaycan Prezidenti  İlham Əliyevin “Mən nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm” dəyərli kəlamları bu gün öz həllini tapır. Qısa müddətdə Zəngəzur dəhlizinin Azərbaycanın Ağbənd qəsəbəsindən İran İslam Respublikasına keçən iki xətdən ibarət çəkiləcək dəmir yolu xətti ilə (Araz dəhlizi), həm də Qərbi Zəngəzurun Mehri rayonunun ərazisindən keçəcək dəmir yolu (Tramp dəhlizi -TRIPP marşrutu) ilə daşınan yüklərin miqdarı 15 milyon tona, gələcəkdə isə 25 milyon tona çatdırılacağı proqnozlaşdırılır. Məhz bu baxımdan həm ABŞ, həm də Avropa Orta Dəhlizin İkinci qolu olan Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Bugünlərdə Özbəkistanda səfərdə olan Avropa Komissiyasının komissarı Jozef Sikela deyib ki, Avropa İttifaqı (Aİ) Trans-Xəzər marşrutuna həmişə bir xətt deyil, şəbəkə kimi baxıb. O qeyd edib ki, Zəngəzur dəhlizi şəffaf və əməkdaşlıq ruhunda inkişaf edərsə, mövcud əlaqələri tamamlaya bilər: “Onun potensialı əlavə tranzit variantının təklif edilməsində, mövcud marşrutlarda tıxacın azaldılması və regional ticarətin ümumi dayanıqlığının artırılmasındadır. Mərkəzi Asiya üçün daha çox marşrut seçimi daha böyük sabitlik və qlobal bazarlara daha rəqabətli çıxış deməkdir”. Avropa Komissiyası komissarı əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında daha sıx koordinasiya strateji əhəmiyyət kəsb edir və Avropa İttifaqının yeni Qara Dəniz Strategiyasının gündəliyinə tam uyğundur: “Prosedur, standart və rəqəmsal sistemlərin daha yaxşı uyğunlaşdırılması Transxəzər marşrutunu biznes üçün daha sürətli və proqnozlaşdırıla bilən hala gətirərdi. Bu, həmçinin logistika, liman infrastrukturu, ticarətin asanlaşdırılması və yaşıl nəqliyyatda birgə layihələr üçün yeni imkanlar yaradacaq”. Onun sözlərinə görə, Avropa üçün bu, daha etibarlı və çoxşaxəli Şərq-Qərb əlaqələri region üçün daha güclü iqtisadi əlaqələr və daha böyük sabitlik deməkdir.

Qarabağ münaqişəsinin həlli və bölgədə yeni reallıqların yaranması fonunda Bakı bu dəhlizi regionun inteqrasiyasına və əməkdaşlığına xidmət edən layihə kimi təqdim edir. Azərbaycanın enerji və nəqliyyat sahəsində qazandığı təcrübə göstərir ki, Bakı artıq təkcə regional oyunçu deyil, həm də qlobal tranzit şəbəkəsinin vacib iştirakçısına çevrilib. Avropa İttifaqı üçün Azərbaycanın bu mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Aİ özünü yeni enerji və nəqliyyat yolları ilə təmin etməkdə maraqlıdır. Onu da qeyd edək ki, Avropa İttifaqı son illərdə “Qlobal Gateway” təşəbbüsünü irəli sürərək Asiya ilə Avropa arasında yeni nəqliyyat marşrutlarının qurulmasına xüsusi diqqət ayırır. Məqsəd yalnız Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ yaratmaq deyil, həm də dayanıqlı, təhlükəsiz və çoxşaxəli kommunikasiya yolları formalaşdırmaqdır. Bu mənada Zəngəzur dəhlizi Aİ üçün unikal imkanlar açır. Bir tərəfdən, dəhliz Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək, digər tərəfdən, yükdaşımaların vaxtını və məsafəsini xeyli qısaldacaq. Bu isə Avropa şirkətləri üçün əlavə iqtisadi üstünlüklər deməkdir. Avropa İttifaqı üçün bu, təkcə ticarət marşrutu deyil, həm də strateji əhəmiyyətli alternativdir. Məsələn, Rusiya üzərindən keçən şimal dəhlizi hazırda siyasi risklər səbəbindən problemli vəziyyətdədir. İran üzərindən cənub marşrutu isə sanksiyalar və qeyri-sabitlik səbəbindən dayanıqlı hesab olunmur. Belə şəraitdə Zəngəzur dəhlizi Avropa üçün etibarlı seçim kimi ön plana çıxır. Gördünüyü kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün siyasi və iqtisadi-lojistin üstünlük qazandırmayacaq, ümumilikdə region və regiondankənar qüvvələrə də yeni imkanlar açacaq.

Sevinc Azadi, “İki sahil”