28 noyabr 2025 22:35
109

SSRİ-nin xiffətini çəkən nankorlar kimlərdir?

Doğulduğu torpağını, müqəddəs ata-baba yurdunu könüllü olaraq yadellilərin cənginə vermək qeyrətsizliyin bir növü deyilmi? Düşündürücüdür ki, belələrində Vətənin, xalqın taleyinə biganəlik haradan gəlir? Axı, igid oğullarımız tarixən bir qarış torpaq üçün canlarını, qanlarını qurban veriblər. Qarabağın işğaldan azad edilməsində olduğu kimi.

Ancaq bəziləri şəxsi mənafelərini güdərək qarşılarına atılan bir tulapayıdan ötrü hər cür alçaqlığı qəbul edirlər. İmişlidə yanağından qan daman, ixtiyar yaşında modaya uyğun geyinib SSRİ bayrağını qaldıran o kişiyə Allah lənət eləsin! Onun o yaramaz hərəkətindən sonra təəssüf ki, özü kimi qeyrətsizlər də tapıldı.

Son günlər  mətbuatda və sosial şəbəkələrdə yazılır və  göstərilir ki, əllərində keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd edən bir qrup şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər üç-dörd nəfər  şəxs də müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Deməli, bu sadəcə bayraq qaldırmaq deyil, ölkə daxilində başqa dövlətin çirkin niyyətlərinə qulluq etmək, düşmən dəyirmanına su tökməkdir.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə xidmət etməli olan çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar, vətəndaş itaətsizliyini təbliğ edən ziyanlı materiallar aşkarlanaraq götürülüb. Bunlar açıq göstərir ki, həmin bayraq altında agentura şəbəkəsi formalaşdırılıb. Məgər bu nankorlar başa düşmürlər ki, o bayraq altında yüz minlərlə vətəndaşımız nahaq yerə həyatını itirib? Hüseyn Cavid, Mikayıl Müşfiq, Firudin bəy Köçərli, Salman Mümtaz, Abbasmirzə Şərifzadə, Heydər Hüseynov, ümumiyyətlə, 29 min Azərbaycan alimi, hərbçisi, ziyalısı, şair və yazıçısı məhv edilib.  II Dünya müharibəsində soydaşlarımız öz sərhədindən min kilometrlərlə uzaqda hansı vətən üçün güdaza gediblər? O bayrağın altında səngərlərdə labüd ölümə məhkum edilmiş cavanlarımızın qədri bilinmədi, xidmətləri qiymətləndirilmədi. Nahaq yerə 300 min nəfər itki verdik. Məgər SSRİ bizim vətənimiz idi?

“Başqa bir dövlətin dəstəyi və maliyyə hesabına” ofis icarəyə götürmək elə-belə iş deyil. Məntiqə uyğundur ki, “maliyyə dəstəyi” göstərən dövlət öz pulunu havayı verməyib. Həmin pulla adları çəkilən xəyanətkarları öz tilovuna salıb ki, istədiyi vaxt onlardan bizə qarşı istədiyi kimi istifadə etsin.

“Bəlkə də qaytardılar” həsrəti ilə yaşayanların böyük əksəriyyəti haram pul axtaranlar, cəmiyyətdə özünü tapmayanlar, fırıldaqçı dələduzlar, zəif iradəlilər, həbsdə yatan cinayətkarlar və bunlara bənzər anormal həyat sürənlərdir. Adı çəkilən İbrahim Əsədli “Loğmed” klinikasında həkim-onkoloq işləyərkən şaiyə yaymışdı ki, guya xərçəng xəstəliyinin müalicəsini tapıb. Klinikada əxlaqsızlıqla məşğul olduğu vaxt həyat yoldaşı gəlib ərini sevgilisi ilə tutub. İbrahim iş yoldaşlarının gözləri qarşısında həyat yoldaşını döyərək təhqir edib. İş polisə düşüb və bundan sonra klinika rəhbərliyi Əsədlini işdən azad edib. O da pul “qazanmaq” üçün çox düşünmədən dövlətə xəyanət yoluna əl atıb. Qeyd edilməlidir ki, həkim Əsədli əvvəllər sosial şəbəkələrdə kommunist ideyaları aşılayan paylaşımlar da edib.

Digər bir nankor Abdulla İbrahimli kommunist ideologiyasının tərəfdarı kimi tanınan və sosial şəbəkələrdə fəal olan keçmiş hərbçidir. O, son zamanlarda Bakıda SSRİ bayraqları ilə yürüş cəhdi ilə gündəmə gəlib və bu hərəkəti ilə əlaqədar həbs edilib. Ancaq görünür, artıq radikallaşmış bu şəxslər cəzalardan lazımi nəticə çıxarmayıblar. Düşünüblər ki, yəqin ağaları onların qan rəngli oraq-çəkicli bayrağa “sədaqətlərini” nəzərə alacaq, dilənçi payını artıracaqlar.

 Onların əllərindəki o bayraqdır ki, 1920-ci ilin 28 aprelində və 1990-cı ilin 20 yanvar günündə məhz onun altında işğalçı qırmızı ordu günahsız Bakı sakinlərini al qana boyadı, tanklar gözəl şəhərimizi darmadağın edərək böyük bir matəmgaha çevirdi. O gün ağsaçlı analarımızın fəryadı ərşə dirəndi.  İbrahimlər, abdullalar və başqaları bu acı həqiqətləri unutmalı deyildilər. Ancaq Vətən xainləri və satqınlar üçün müqəddəs heç nə olmur.

Vəli İlyasov, “İki sahil”